Siyasət / Son xəbər

İlham Əliyev “Dostluq” ordeni verdi

685
İlham Əliyev “Dostluq” ordeni verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını ifadə edib və bundan böyük şərəf hissi duyduğunu deyib.

Nizami Gəncəvini Azərbaycanın bəşəriyyətə töhfəsi kimi dəyərləndirən qonaq İsgəndəriyyə Kitabxanasının Nizami Gəncəvi ilə bağlı ərəb dilində mükəmməl bir kitab hazırladığını deyib və kitabın ilk nüsxəsini Prezident İlham Əliyevə təqdim edib.

İsmail Serageldin bildirib ki, Mərkəzin məqsədi təkcə böyük siyasətçilərin görüşlərini təşkil etməkdən ibarət deyil. Əsas məqsəd həm də istənilən şəxsin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında biliklər əldə etməsinə imkan yaratmaqdan ibarətdir.

İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi İsmail Serageldinin fəaliyyətini yüksək qiymətləndirib, Mərkəzin artıq böyük beynəlxalq instituta çevrilməsinin önəmini qeyd edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.