Maraq / Şou Biznes

İbrahimoviç Qəbələyə gedir

860
İbrahimoviç Qəbələyə gedir
İsveç millisinin və Fransanın "Paris Saint Germain" klubunun ulduz futbolçusu Zlatan İbrahimoviçin Azərbaycan səfəri davam edir.

Liderinfo.az-a məlumatına görə, Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə Bakıya gələn 33 yaşlı ulduz futbolçu ötən gün Şamaxıda kabab süfrəsi arxasında əyləşib.

Milli yeməklərimizdən dadan idmançı ölkəmizə heyran qaldığını deyib.

Ölkəmizdə qalacağı bir həftə ərzində Z.İbrahimoviç bu gün Qəbələdə olacaq və buranın zəngin təbiəti ilə tanış olacaq, dostları ilə istirahət edəcək.

AFFA-nın baş katibi Elxan Məmmədov ötən gün keçirdiyi brifinqdə isveçli futbolçunun Azərbaycana gəlməsi haqqında danışıb və deyib ki, AFFA-da isveçli ulduzun Azərbaycana gəlməsi haqqında məlumat olmayıb: "Xəbərimiz olsaydı, bundan istifadə edib hansısa tədbir və ya layihə təşkil edərdik. Onu da nəzərə alaq ki, Bakı şəhəri Avropanın idman mərkəzinə çevrilib. İndi normal haldır ki, hansısa futbol ulduzu Azərbaycana gəlib. Kimsə dincəlməyə, kimsə öz dostlarını görməyə, kimsə iş üçün gəlir."

Xatırladaq ki, Z.İbrahimoviç İstanbul aeroportunda Türkiyənin "Milliyet" qəzetinin "Galatasaray"a gələcəksizmi" sualına belə cavab verib: "Xeyir, gəlmirəm. İstanbula Azərbaycana getmək üçün gəldim. Qolf oynamağa gedirəm."