Ana səhifə / Əsas Xəbər

Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində büdcə vəsaitləri necə "xırıd" edilir?

1313
Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində büdcə vəsaitləri necə "xırıd" edilir?
Balaca idarənin böyük imkanlara sahib rəisi - İlyas Səfərov

İlyas Səfərovun topdağıtmaz varidatı: Yevlaxda 300 hektar torpaq sahəsi, möhtəşəm villa, Aran qəsəbəsində bazar və daha nələr

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) tabeliyində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində mövcud olan problemlər, büdcə vəsaitlərinin böyük hissəsinin yeyintiyə məruz qalması və idarə rəisi İlyas Səfərovun qeyri-qanuni yolla yığdığı sərvəti haqda ötən saylarımızdan birində məlumat vermişdik.

Bildirmişdik ki, 1959-cu ildən fəaliyyət göstərən idarənin əsas vəzifəsi "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir. Başqa sözlə desək, kanal Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etməlidir. Bunun 86400 hektarı öz axımı ilə, 23600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Yuxarı Qarabağ Kanalı öz mənbəyini Mingəçevir su anbarından götürərək respublikanın Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin etməyə borcludur. Həmçinin onu da qeyd etmişdik ki, 2013-cü ildə 830 min manatlıq təmir-bərpa, 94 min manatlıq əsaslı təmir, 180 min manatlıq isə cari təmir işlərinin aparıldığı açıqlansa da, əslində kütləvi yeyintiyə yol verilib. Dünən isə idarə rəisinin törətdiyi qanunsuzluqlar haqda redaksiyamıza yeni məlumatlar daxil olub. İlyas Səfərovu neçə illərdir tanıdığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin keçirdiyi tenderlərin əsas qalibi rəisin qardaşı Knyaz Səfərovun nəzarətindəki şirkətlərdir: "Aparılan müşahidələr göstərir ki, son illər ərzində adıçəkilən idarənin elan etdiyi tenderlərdə əsasən "Monolit", "Nicat SK", və "İlqar" MMC-lər qalib gəlib. Bu şirkətlərin rəhbərləri məmurun qardaşı Knyaz Səfərova yaxın insanlardır.

Tenderdə qalib gələn şirkətlər vəsaitlərin bir hissəsini idarə rəhbərinin özünə qaytarırlar. Beləliklə, qanunsuzluğa yeyintiyə yol verilir. Belə olan halda nəzərdə tutulan layihələrin keyfiyyət göstəriciləri aşağı düşür. Elə buna görə də kanal hazırda nasaz vəziyyətdədir, təsərrüfatlara su lazımi səviyyədə çatdırılmır. Məmur qanunsuz yollara baş vuraraq özünə topdağıtmaz varidat toplamağı bacarıb. Məsələn, onun kanalın üstündə yerləşən ərazidə 300 hektara yaxın torpaq sahəsi var. Həmin sahə əvvəllər əhalinin istifadəsində olub, lakin məmur əlindəki imkanlardan istifadə edərək camaatın torpağını özününküləşdirib. Burda müxtəlif təsərrüfat sahələri yaradıb. Bir hissəsində meyvə bağları saldırıb, digər hissəsində pambıq əkdirib və sair. Fermerlər əkdikləri ərazini suvarmağa su tapmır, amma İlyas müəllimin şəxsi təsərrüfatının suyu bir saniyə də olsa kəsilmir. O dövlət tərəfindən yaradılan münbit şəraitdən şəxsi maraqları naminə istifadə edir. Hamıya aydındır ki, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinə büdcədən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir.

Rəis həmin pulların bir hissəsi ilə özünə geniş imkanlar yaradıb. Bir müddət əvvəl Aran qəsəbəsində böyük bazar tikdirib. Buranın tikintisinə yüz minlərlə vəsait sərf edilib. Bu işləri aylıq vəzifə maaşı ilə görmək mümkündürmü? Yox. Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin işçiləri və texnikası səhər açılandan axşama kimi onun şəxsi təsərrüfatında işlədilir. İdarənin həyata keçirməli olduğu işlər isə bir kənara atılıb. Uzun müddətdir bu vəzifədə işləyən məmur özü ilə yanaşı, yaxın qohum-əqrəbasına da şərait yaratmağı yaddan çıxarmayıb. Onun yaxın qohumları Yevlaxda yaxşı dolanan adamların sırasındadır. İlyas Səfərovun oğlu bir neçə il əvvəl ağır yol nəqliyyat hadisəsi törədərək bir nəfərin ölümünə səbəb olmuşdu. Amma həmin hadisənin üstü necə ört-basdır edildisə, heç kimin ruhu belə incimədi. Hazırda məmurun oğlu Vüqar Səfərov "Lexus 570" markalı avtomobil sürür. Nəinki Yevlaxda, qonşu rayon və şəhərlərdə belə yol patrul xidmətinin əməkdaşları onu görəndə "fərəqət dayanırlar". Bizə çatan məlumatda həmçinin idarə rəisinin bəzi qohumlarının rayonda ayrı-ayrı vəzifələrdə çalışdığı qeyd olunur: "İdarə rəhbərinin baldızı Gülyanaq Baxşıyeva Yevlax rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusudur. Gözümü açandan, bu xanımı vəzifədə görmüşəm. Yalan olmasın bəlkə də 30 ildir notarius işləyir. Deyilənə görə, torpaq və digər məsələlərlə bağlı İlyas Səfərovun qanunsuz işlərində ona yaxından köməklik göstərir. Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi rayonda bir villa tikdirib ki, burdan keçən bütün insanlar ayaq saxlayıb tamaşa edir". Sözügedən məmurla bağlı redaksiyamıza daxil olan informasiyanın yerdə qalan hissəsini dəqiqləşdirmə apardıqdan sonra diqqətinizə çatdıracağıq. Gələn saylarımızda İpək yolunda dəmiryolu keçidinə qədər uzanan kanalın sağ və sol sahili boyunca əkilən 1200-ə qədər sərv, Eldar şamı, çinar və giparis ağaclarının büdcəyə neçəyə başa gəlməsi və təmir-bərpa işlərinə ayrılan vəsaitlərin silinmə üsulu haqda məlumat verməyə çalışacağıq.

Bu arada, özəl mənbələrin bildirdiyinə görə, bir neçə gün əvvəl Maliyyə Nazirliyi və Hesablama Palatasının əməkdaşları Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində yoxlama aparıblar. İlkin yoxlama zamanı ciddi maliyyə yeyintiləri aşkarlanıb. Yoxlama tədbirlərinin hələ bir neçə gün də davam edəcəyi gözlənilir. Hesab edirik ki, ASC sədri Əhməd Əhmədzadə belə bir şəxsi işdə saxlamaqla özünə əlavə problem yarada bilər. Odur ki, idarə rəisi tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmalıdır.

Qarşı tərəfi də dinləyə bilərik.