Ana səhifə / Əsas Xəbər

Mikayıl Cabbarov təhsili məhv edir - İTTİHAM VAR

119
Mikayıl Cabbarov təhsili məhv edir - İTTİHAM VAR
Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə baş verən rüşvətxorluq halları ilə bağlı zaman-zaman müxtəlif qalmaqallar yaranır.

Ötən dərs ilində bəzi valideynlər iddia edirdilər ki, məktəblərdə onlardan övladlarına görə rüşvət tələb edir, müxtəlif bəhanələrlə qanunsuz vəsaitlər toplayırlar.

Reyting.az saytı xəbər verir ki, dərs ilinin başlanmasına saylı günlər qaldığı bir vaxtda bəzi orta təhsil müəssisələrinin direktorları yenidən belə qalmaqalların əsasını qoyublar.

Valideynlər isə bildirirlər ki, dərslər hələ açılmasa da, artıq rüşvət mesajları qəbul edirlər.

Hətta bəzi məktəblərdə 1-ci sinifə qəbul üçün “şirinlik” alındığı da sosial şəbəkə istifadəçilərinin və bəzi saytların iddiaları arasındadır.

Bəzi məktəb direktorları isə müvafiq qanunlara sayğısızlıqlarını davam etdirir, hətta informasiya almaq istəyən jurnalistləri təhqir edib, hədə-qorxu gəlməkdən də çəkinmirlər.

Xatırladaq ki, son qalmaqallardan biri Bakı şəhəri, Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova ətrafında baş verib. Axar.az saytına daxil olmuş şikayəti araşdıran jurnalist, direktor Nailə Məmmədovanın təhqirlərinə məruz qalıb.

Həmin şikayətdə direktor 1-ci sinifə qəbul, dərs bölgüsü, attestatların verilməsi, fond və təmir adı ilə pul yığdırmaqda, müəllimlərdən aylıq haqq istəməkdə, pedaqoji heyəti təhqir etməkdə, məktəbin xadimələrini evində qulluqçu kimi işlətməkdə ittiham olunsa da, saytın əməkdaşları təhqir və hədə-qorxu səbəbindən sözügedən məsələni araşdıra bilməyib. Təhsil Nazirliyi ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsləri isə “faktı araşdırırıq”,- desələr də, bunun ləng aparılması deyəsən, baş verənləri ictimaiyyətə unutdurmağa hesablanıb.

Bu günlərdə isə daha belə bir problem yaranıb. Bu dəfə Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva jurnalisti təhqir edib.

KİV-lərin məlumatına görə, direktor xeberle.com saytının əməkdaşına kobud cavab verib:

"Mən heç kimdən pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır.

İkincisi, sizə heç bir haqq vermirəm. Qələt edib zəng vurmusunuz. Fsyo!",- deməklə orta məktəblərdəki rüşvət faktını dolaysı ilə təsdiqləyib.

Görəsən, “Məndən başqa bütün məktəblər pul yığır”,- deyən direktora qarşı Təhsil Nazirliyi hansı tədbiri görəcək? Bəlkə bunu da ört-basdır etməyə çalışacaqlar?

Xatırladaq ki, Ruhiyyə Tağıyeva ötən ilin aprel-noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, müdir postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor təyin olunub.

Onu da qeyd edək ki, belə hallar adıçəkilən iki məktəblə yekunlaşmır. Bir sıra məktəblərdə istər dərs bölgüsü zamanı, isrtərsə də 1-ci sinifə şagird qəbulunda rüşvətin təhsildən və müqəddəs müəllim adından önə keçdiyi bildirilsə də, təhsil sahəsinə “arxa qapı”dan girən Mikayıl Cabbarov hansısa səbəbdən ciddi tədbirlərə əl atmaqda maraqlı görünmür.