Ana səhifə / Əsas Xəbər

DYP şöbə rəisi İsmayıl Şirəliyevdən nazir Ramil Usubova şikayət

149
DYP şöbə rəisi İsmayıl Şirəliyevdən nazir Ramil Usubova şikayət
Vəkil Eldəniz İsmayılov Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edərək qanunsuz olaraq güdüldüyünü bildirir və Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi İsmayıl Şirəliyevin qanunsuzluqlarına son qoyulmasını xahiş edir.

Eldəniz İsmayılovun Daxili İşlər naziri Ramil Usubova ünvanladığı müraciəti olduğu kimi təqdim edirik.

Hörmətli nazir, cənab Ramil Usubov,

10 sentyabr 2017-ci il tarixdə 99-YP-394 dövlət nömrə nişanlı polis maşını işlədiyim ofisin yaxınlığında (C.Xəndan küçəsində) mənə məxsus “Hundai Elantra” markalı avtomobili saxladılar. Heç bir qayda pozuntusu törədilmədiyi halda avtomobilin hansı səbəbdən saxlanılmasını soruşduqda özünü Raqib Novruzov kimi təqdim edən polis əməkdaşı bildirdi ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsindən efir vasitəsi ilə tapşırıq verilib və bu səbəbdən də avtomobil dayanacağa özüm isə idarəyə getməliyəm. Mənim harada olmağım barədə məlumatı hansı üsulla əldə etdiklərini dəqiqləşdirəndə məlum oldu ki, mənə məxsus avtomobil nəzarətə götürülmüş və həmin üsulla avtomobilimin harada olması müəyyənləşdirilmişdir. Avtomobilimin saxlanılmasının və duracağa aparılmanın səbəbini soruşulduqda isə heç bir əsaslı səbəb göstərilmədi, sadəcə tapşırıq olduğu bildirildi.
Bundan sonra Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə yaxınlaşdım. Həmin vaxt özünü Elxan kimi təqdim edən polis əməkdaşı məndən avtomobilə aid sənədləri və açarı tələb etdi. Lakin onun əsassız tələbini yerinə yetriməkdən imtina etdim və avtomobili dayanacağa qoyulduğunu bildirdim. Elxan adlı polis əməkdaşından hansı səbəblə avtomobilimin duracağa aparılmasını soruşduqda bildirdi ki, şöbə rəisi İsmayıl Şirəliyevin tapşırığıdı.

Bütün bunlardan sonra məlum oldu ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi İsmayıl Şirəliyevin qanunsuz tapşırığı əsasında mənə məxsus avtomobil izlənilərək güdülmüş və işlədiyim ofisin yaxınlığında olduqda isə saxlanılaraq duracağa aparılması barədə qanunsuz göstəriş verilmişdir.

Bundan əvvəl də vəkil kimi təzyiqlərə məruz qalmağım, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bəzi əməkdaşlarının gözə görünməyən və müşahidə kameraları vasitəsi ilə qeydə alınmayan hal şahidlərindən istifadə etməsi, vəkil olduğum üçün mənə hədə-qorxu gəlmələri və digər özbaşınalıqları barədə müraciətlərimə baxılmadığından bu barədə də əlavə məlumat verəcəm.

Cənab nazir, Ramil Usubov Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi İsmayıl Şirəliyevin vəzifə səlahiyyətlərindən və dövlət tərəfindən ona verilmiş imkanlardan öz şəxsi məqsədləri üçün istifadə edib qanunsuz göstərişlər verməsinin, bu qanunsuz göstərişin mənim vəkilllik fəaliyyətimlə əlaqədar olub-olmamasının araşdırılması, dövlət tərəfindən verilmiş səlahiyyətlərdən öz şəxsi məqsədləri üçün istifadə edən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə göstəriş verməyinizi sizdən xahiş edirəm.