Ana səhifə / Əsas Xəbər

VİLYAM HACIYEV OĞLU İLƏ BACARA BİLMİR-OGLUNUN HƏRƏKƏTLƏRİ BAŞÇINI "TƏNGƏ GƏTİRİB"...

2752
VİLYAM HACIYEV OĞLU İLƏ BACARA BİLMİR-OGLUNUN HƏRƏKƏTLƏRİ BAŞÇINI "TƏNGƏ GƏTİRİB"...
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin fəaliyyətindəki qanun pozuntuları, onun işində yol verdiyi nöqsanlar bütün sərhədləri aşıb.
Son günlər adı mütəmadi olaraq ölkə mətbuatının gündəminə gəlməyə başlayan icra başçısının barəsində bir-birinin ardınca sensasion iddialar yayılmaqdadır. Mətbuat üzərindən apardığımız araşdırmalar göstərir ki, İmişlinin icra başçısından həm yerli camaat, həm də rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər narazıdırlar. Məsələn, bir müddət əvvəl Vilyam Hacıyevlə “Neftçi”nin sabiq futbolçusu Maşallah Əhmədov arasında 2 milyonluq borc qalmaqalı haqda xəbər yayıldı.

Məlumata görə, M.Əhmədov idmandan ayrıldıqdan sonra özünə kiçik bir MMC qurub. Daha sonra isə tanışları və illərdən bəri qazandığı dostları sayəsində onu böyütməyə başlayıb. Və nəhayət, rayonlarda həyata keçirilən abadlıq və quruculuq işlərinə qoşulub. Keçirilən tenderlərdən bir neçəsinin qalibi olub. M.Əhmədovla Vilyam Hacıyevin yolları ilk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda kəsişib. Həmin vaxt sözügedən rayonun icra başçısı olan Vilyam Hacıyev məşhur futbolçunu bəzi tikinti işlərinə cəlb edib. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitin bir qismini verərək yerdə qalanını da ödəyəcəyini vəd edib. Amma bu anlaşmadan qısa müddət sonra Vilyam Hacıyev Samux rayonuna icra başçısı göndərilib. Və Maşallah Əhmədov bu rayonda da tikinti işləri üzrə tenderlərə qatılıb. Orda da bir xeyli işlər görüb və bunun üçün ayrılmış pulların bir qismini ala bilib. Yerdə qalan vəsaiti isə öz cibindən xərcləməli olub. Xəbərdə iddia edilir ki, Samuxda icra başçısı ilə tanınmış futbolçu arasında narazılıq yaransa da, birinci prosesi uzatmaqla onu sakitləşdirməyə nail olub. İmişli rayonunda görülən işlərə də cəlb edilən Maşallah Əhmədov isə tamamilə müflis vəziyyətinə düşüb.

Hətta onun aldığı borcları qaytara bilmədiyi də verilən informasiyalar sırasındadır. Məlumata görə, İmişli rayonu da daxil olmaqla, digər rayonlarda görülən işlərə görə Vilyam Hacıyevin M.Əhmədova olan ümumi borcu təqribən 2 milyon manat civarındadır. Dəfələrlə tərəflər arasında bununla bağlı söhbət olsa da, icra başçısı pulları qaytaracağı vədi ilə onu inandırmağa nail olub. Lakin sonuncu dəfə bu dialoq qarşıdurma ilə nəticələnib və məşhur futbolçu pulunu almayacağı barədə xəbərdar edilib. Bundan sonra Maşallah Əhmədov İmişli Rayon İcra Hakimiyyətinin binası önündə özünü yandırmağa belə cəhd edib. Məlumatlarda iddia olunur ki, həmin vaxt icra hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardımçı olmayıb.
VİLYAM HACIYEV OĞLU İLƏ BACARA BİLMİR-OGLUNUN HƏRƏKƏTLƏRİ BAŞÇINI "TƏNGƏ GƏTİRİB"...
Əksinə, Vilyam Hacıyevin yaranmış vəziyyəti yuxarılardan gizlətdiyi deyilir. Əldə etdiyimiz məlumatlara əsasən, icra başçısının iş gördürüb pulunu vermədiyi iş adamlarının sayı-hesabı yoxdur. Araşdırmalar nəticəsində məlum olur ki, «İmişli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə» prezident sərəncam verərək icra hakimiyyətinə 2 milyon manat ayırıb. Sərəncamdan sonra «sosial-iqtisadi inkişaf tədbirləri»nin nəinki sürətlənmədiyi, hətta yarımçıq qalan tikililərdə tamamlama işlərinin belə görülmədiyi müşahidə olunub. Tikintidə iştirak etmiş iş adamlarının və fəhlələrin İmişli Rayon İcra Hakimiyyətinə qarşı pul tələbi aylarla davam edib, narazı qalanlar, həbs olunanlar olub. İddialara görə, İmişli RİH başçısı Vilyam Hacıyev tikinti borclarının bir hissəsini şəxsi mülklərini satmaqla ödəyib. Amma hələ də İmişli RİH-dən haqqını tam almadığını deyənlər də var. Başqa bir məlumatda bildirilir ki, rayonun mərkəzi hissəsindəki ictimai binaların, kommersiya obyektlərinin fasadları, fərdi təsərrüfatların hasarları üçün «vahid forma» tətbiq edilərək, eyni daşla üzlənib. Hətta bu zaman vətəndaşların yaşayış yerlərindən prospektə açılan darvazalarının da dəyişdirilməsi işinə başlanılıb.

Deyilənə görə, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, digər vəzifəli şəxslər, habelə iş adamları qarşısında «Hərə bir darvazanın xərcini ödəsin» tələbi qoyulub. Bir sözlə, icra hakimi əlinə düşən hər fürsətdə rayonda aparılan yarımçıq abadlıq işlərinə ya sahibkarları, ya da dolanışığını güclə təmin edən sakinləri cəlb edir. Qeyd edək ki, Vilyam Hacıyevin Prokurorluq orqanında işləyən oğlu Məhəmməd Hacıyevlə bağlı da kifayət qədər neqativ məlumatlar mövcuddur. Bizə çatan informasiyaya əsasən, icra hakiminin oğlu prokurorluq orqanlarında işə Qaradağ rayon Prokurorluğundan başlayıb. Amma onun burdakı karyera müddəti elə də çox çəkməyib. Deyilənə görə, icra başçısının oğlu mühüm bir məsələ ilə bağlı elə bir kobud və bağışlanılmaz səhvə imza atıb ki, bu onun Qaradağ rayon Prokurorluğundan Nərimanov rayon Prokurorluğuna təyinat alması ilə nəticələnib. Bu barədə malik olduğu bilgiləri bizimlə paylaşan mənbə bildirir ki, əslində icra başçısının oğlu Məhəmməd Hacıyev buraxdığı kobud səhvə görə ümumiyyətlə prokurorluq orqanlarından xaric olunmalı idi: «Hətta bu məsələ, yəni Məhəmməd Hacıyevin buraxdığı kobud səhvlə bağlı Baş Prokurorluğa da məlumat verilib. Onun ciddi şəkildə cəzalandırılması məsələsi müzakirə olunub. Lakin son anda Vilyam Hacıyev əlaqələrini işə salaraq, himayəsində olduğu şəxsin yardımlarına baş vuraraq işə yeni qəbul olunan oğlunu onu gözləyən təhlükədən sığortalamağı bacarıb.
Deyilənə görə, Vilyam Hacıyevin minnətçi düşdüyü nüfuzlu şəxsin müdaxiləsindən sonra Məhəmməd Hacıyev prokurorluq orqanlarından xaric edilməsə də, Qaradağ rayonundan Nərimanova göndərilib. Bunu ona görə cəzalanma adlandırmaq olar ki, Məhəmməd Hacıyev bir çox məsələləri məhz Qaradağ rayonunda asanlıqla yoluna qoya bilirdi. Lakin Nərimanov rayonuna təyinat aldıqdan sonra o əvvəlki «qayda»da işləməyi bacarmadı». Vilyam Hacıyevlə bağlı ən maraqlı məqamlardan biri isə onun qeyri-millətdən olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşmasıdır. Bununla bağlı çox mühüm məlumatları bildiyini deyən mənbə iddia edir ki, Vilyam Hacıyevin ətrafında qeyri-millətlərin nümayəndələri özlərini olduqca sərbəst hiss edirlər: «İcra başçısı qeyri-millətdən olan şəxslərə o qədər doğmalıq göstərir ki, adam buna təəccüblənməyə bilmir». Bu haqda geniş yazını bir neçə gündən sonra daha dəqiq olan faktlarla oxucuların diqqətinə çatdıracağıq. Görəsən, ermənilərlə müharibə getdiyi bir vaxtda, ... bütün millətin düşündüyü kimi hamı düşünürmü? İndi isə keçək əsas mətləbə. Belə ki, bəzi radikal müxalifət yönümlü kütləvi informasiya vasitələri icra başçısını ciddi cəhdlə müdafiə edirlər.

Hansı ki, həmin KİV-lər bir zamanlar özləri Vilyam Hacıyevi “topun” ağzına qoyublar. İndi isə tamam fərqli mövqedən çıxış edirlər. Bunun səbəbini araşdırdıqda ortaya kifayət qədər maraqlı məqamlar çıxır. Bu barədə növbəti yazımızda. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
P.S. Növbəti sayımızda Məhəmməd Hacıyevin və Vilyam Hacıyevin gördüyü bütün işlərə aydınlıq gətirəcəyik. (xalqxeber.az)