Əsas Xəbər

İsmayıllı kefindən yox, dərd əlindən dağlarda yerləşir... - Bu bəxtəvər niyə turizm yaylağına çevrilə bilmir?

1305
İsmayıllı kefindən yox, dərd əlindən dağlarda yerləşir... - Bu bəxtəvər niyə turizm yaylağına çevrilə bilmir?
Bu gün biz hamımız Azərbaycanın sürətlə dünya turizm mərkəzlərindən birinə çevrilməsinin şahidiyik.

Təbii ki, bu proses Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının nəticəsi kimi təzahür etməkdədir. Bununla belə etiraf olunmalıdır ki, hazırda bölgələrdə fəaliyyət göstərən və bu sahədə sövlət siyasətinin həyata keçirilməsi xüsusunda birbaşa məsul olan qurumların heç də hamısı qarşıya qoyulan məqsədləri düzgün qiymətləndirmir. Bu xüsusda yerli mənbələrdən aldığımız məlumatlarda da təsdiq olunur ki, bəzi rayon Mədəniyyət və Turizm şöbələrinə rəhbərlik edən şəxslər öz fəaliyyətlərində büdcə vəsaitlərinin məqsədyönlü xərclənməməsi, mənimsəmələrə yol verilməsi kimi ciddi qanun pozuntularına yol verirlər. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasovun da öz işində yol verdiyi ciddi nöqsanlara dair bəzi açıqlamalar təqdim olunmaqdadır. Məlum olduğu kimi İsmayıllı rayonu respublikamızın ən qədim mədəniyyət və turizm mərkəzlərindən biridir. Mehranilər sülaləsinin görkəmli dövlət xadimi Cavanşirin adına qala, həmçinin Qız, Qasımxan, Niyal, Mustafaxan qalaları və digər tarixi abidələr xalqımızın qəhrəman keçmişindən xəbər verir. Bu abidələr forma zənginliyi və estetik təsir gücü ilə səciyyələnir. Bu gün İsmayıllıda 13 mədəniyyət evi, 24 klub, 60 kitabxana, 1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal tarixi mədəniyyət qoruqları, rayon və Lahıc Tarix Diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Aldığımız məlumatlarda isə vurğulanır ki, rayonda fəaliyyət göstərən bütün mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə Azər Abbasov tərəfindən ödənişdən boyun qaçıran müəssisə rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Azər Abbasov tərəfindən mənimsənilir. Bildirilir ki, bu məqsədlərlə şöbə müdiri təmir-bərpa idarəsi adı altında qeydiyyatdan keçmiş, əslində isə heç bir maddi-texniki bazası olmayan müəyyən şirkətlərlə iş birliyinə girərək, nağdlaşma üsulu ilə dövlət vəsaitlərinin mənimsənilməsinə yol açır. Daha sonra məlumatlarda bildirilir ki, son illərdə İsmayıllı şəhərində, Qaraqaya, Sumağallı kəndlərinin yaxınlığında, Mican kəndi ərazisində və digər yerlərdə çoxsaylı istirahət mərkəzləri və kompleksləri tikilib istifadəyə verilmiş, yeni turizm marşrutları müəyyənləşdirilmişdir. Azər Abbasov isə, həmin bu turizm obyektlərini, hətta turist-gəzinti marşrutlarını belə şəxsi gəlir mənbəyinə çevirmişdir. Mənbələr iddia edirlər ki, şöbə müdiri turist-gəzinti marşrutları boyunca da özünə əsil ticarət şəbəkəsi yaratmışdır. Belə ki, marşrut üzərində yerləşən xırda ticarət obyektlərində turistlərə yerli suvenirlər, xatirə hədiyyələri və sairənin satışı həyata keçirilir. Əldə olunan gəlirlərin isə, böyük bir hissəsini bu ticarətlə məşğul olanlar yenə də Azər Abbasova verməli olurlar. Digər tərəfdən də bəzi mənbələr rayonda fəaliyyət göstərən bəzi müəssisələrin ümumiyyətlə yalnız sənəd üzərində mövcud olduğunu iddia edirlər. Əldə etdiyimiz məlumatlara əsaslanaraq birmənlı şəkildə demək olar ki, bu gün Azər Abbasov bütöv bir rayonun turizm və mədəniyyət obyektlərinin sırf şəxsi məqsədləri naminə istismarı ilə məşğuldur...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.