Dünya

Dörd ərəb ölkəsi: Qətərlə şərti olaraq dialoqa hazırıq

Dörd ərəb ölkəsi: Qətərlə şərti olaraq dialoqa hazırıq
Bəhreynin xarici işlər naziri Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarıyla keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qətərlə danışıqlara hazır olduqlarını söyləyib

Bu dörd ölkə Qətəri "terroru dəstəkləməkdə" ittiham edərək 5 iyundan bu ölkə ilə əlaqələri dondurmuşdu.

Xarici işlər naziri şeyx Xalid ibn Əhməd əl-Halifa Bəhreynin paytaxtı Manamada keçirilən görüşdən sonra verdiyi açıqlamada 13 maddədən ibarət tələb siyahısını da xatırladıb.

"Qətər 13 tələbə qarşılıq verməlidir"

Əl-Halife "Qətər terorra maddi dəstəyini dayandırmaq istiqamətində səmimi istəyini açıqlayarsa, digər ölkələrin xarici işlərinə müdaxilə etməyəcəyinə dair söz verərsə dörd ölkə Qətərlə dialoqa hazırdır. Qətər həmçinin irəli sürülən 13 tələbə də qarşılıq verməlidir " deyib.
Terrorizm iddialarının mərkəzində niyə Qətər durur?

Bəhreynin xarici işlər naziri şeyx Xalid ibn Əhməd əl-Halifa deyib ki, Qətər irəli sürülən 13 tələbə də qarşılıq verməlidir.

Bir qədər əvvəl Qətər bu ölkələrin 13 tələbdən olan siyahısını həqiqətə uyğun hesab etmədiyini və yerinə yetirməyəcəyini açıqlamışdı.
Tələblər arasında Al-Jazeera telekanalının yayımının dayandırılması, Qətərin İranla münasibətlərinin zəifləməsi və ölkədəki türk hərbi bazasının bağlanması da var.

Baş verən gərginlikdən sonra ABŞ xarici işlər naziri Rex Tillerson Qətəri ziyarət etmiş, iki ölkə arasında "terrorla mübarizə və terrorun maliyyələşdirilməsinin qarşısını almaq" kimi məsələlərdə ortaq iş görülməsiylə bağlı razılıq memorandumu imzalamışdılar.

Dörd ölkə, memorandumun yetərli olmadığını söyləyərək sanksiyaların davam edəcəyini bildirmişdi.

Qətər isə baş verən gərginlikdən sonra verdiyi açıqlamalarda məsələnin dialoq yoluyla həllinə çağırmışdı (BBC).