Gürcüstanda həqiqi hərbi xidmətə çağırış bərpa olundu » www.LIDERINFO.az LIDER Informasiya Agentliyi
Dünya

Gürcüstanda həqiqi hərbi xidmətə çağırış bərpa olundu

349
Gürcüstanda həqiqi hərbi xidmətə çağırış bərpa olundu
Gürcüstanın Müdafiə Nazirliyi həqiqi hərbi xidmətə çağırışı bərpa etdikdən sonra fevralın 14-də gənc əsgərləri yenidən hərbi xidmətə qəbul edib

“Report” bildirir ki, bu gün 140 gənc çağırışçı hərbi xidmətə qəbul olunub.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Vladimir Çaçibaya və digər yüksək rütbəli zabitlər hərbi xidmətə yeni qəbul olunmuş əsgərlərlə görüşüblər.

Məlumata görə, həqiqi hərbi xidmət keçmə ilə əlaqədar qaydalara dəyişiklik olunub. Belə ki, əgər əvvəllər həqiqi hərbi xidmətə çağırılanlar əsasən hərbi obyektlərin mühafizəsi və logistika ilə məşğul olurdularsa, yeni dəyişikliklərə əsasən, çağırışçı gənclər müqavilə əsasında xidmət keçən hərbçilərlə yanaşı, ağır fiziki şəraitdə 10 həftəlik hərbi döyüş, atəş və taktiki hazırlıq keçəcəklər.

Bununla yanaşı, əsgərlər istirahət günlərini evlərinə gedə biləcəklər.

Baş Qərargah rəisi deyib ki, əsgərlər tam hərbi hazırlıq keçəcək, hərbi təlimlərdə iştirak edəcəklər.

Gürcüstanda həqiqi hərbi xidmətə 18 yaşdan 27 yaşadək gənclər çağırılırlar. Həqiqi hərbi xidmətin müddəti 12 aydır və çağırış ildə iki dəfə, yazda və payızda həyata keçirilir.

Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış sabiq nazir Tinatin Xidaşelinin əmri ilə 2016-cı ilin yayında ləğv edilmişdi. Yeni nazir Levan İzoriya isə 2016-cı ilin noyabrında ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışını bərpa etdi.