Araşdırma

Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETDƏN xəbər verir

502
Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETDƏN xəbər verir
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada ildən ilə şəkərli diabet xəstəliyinə tutulmuş insanların, o cümlədən uşaqların sayı artır.

Təəssüf ki, uşaqlarda şəkərli diabet bəzən çox gec, uşaq ağır vəziyyətdə reanimasiyaya düşdükdən sonra aşkar olunur. Həkimlərin valideynlərlə söhbətindən sonra məlum olur ki, uşaqda şəkərli diabetin simptomları çoxdan var idi, lakin valideynlər buna fikir vermirdi və ya digər xəstəlik, yorğunluq və s. ilə əlaqələndirirdi.
Hər bir valideyn uşaqda şəkərli diabetin simptomlarını bilməli və bu xəstəliyə ilk şübhə yarandıqda dərhal həkimə müraciət etməlidir. Bununla siz uşağın nəinki sağlamlığını, bəzən hətta həyatını xilas edə bilərsiniz.
Beləliklə, uşaqda hansı simptomları gördükdə şəkərli diabetdən şübhələnmək olar?
1. Uşaq birdən çoxlu su içməyə başlayır.
2. Uşaq tez-tez sidiyə gedir, hətta bunun üçün gecə bir neçə dəfə oyanır, bəzən yuxu vaxtı yerini isladır. Məktəbdə oxuyan uşaq tualetə getmək üçün tez-tez icazə alır.
3. Uşaq tez bir zamanda arıqlayır, zəif və yorğun olur.
4. Uşaq daim yemək istəyir, tez-tez və çox yeyir. Lakin buna baxmayaraq kökəlmir, əksinə arıqlayır.
5. Qız uşaqlarında göbələk xəstəliyi inkişaf edə bilər, uşaq cinsi yolunda olan qaşınmadan şikayət edir.
6. Ürəkbulanması, qarında ağrılar, tezləşmiş nəfəsalma, ağızdan aseton iyi. Bu çox ciddi smptomlardır. Vaxtında lazım olan tədbirlər görülməzsə, uşaq tez bir zamanda həlak ola bilər.