Sosial / Əsas Xəbər

“Ermənilərin Xankəndinə giriş-çıxışına Azərbaycan məmurları nəzarət edəcək”

102
“Ermənilərin Xankəndinə giriş-çıxışına Azərbaycan məmurları nəzarət edəcək”
Azərbaycan 45 günlük Vətən müharibəsini tam qələbə ilə başa vurdu, bu proses Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan təkcə hərbi yolla 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.

LIDERINFO.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı Ermənistan ordusu və separatçı birləşmələr çökdürüldü. Onlar artıq döyüşlərin son günlərində atəşkəs ərəfəsində vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələr formasında fəaliyyət göstərirdilər. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda hətta zəif ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır.

Ermənistanda hərbi sferadan sonra siyasi və iqtisadi çöküş də başladı. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb.

Azərbaycan döyüşlərin son mərhələsində Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar ölkəni xaosa sürükləyir. Paşinyan məğlubiyyətin günahını ondan əvvəlki rəhbərlərin üzərinə ataraq orduya kifayət qədər pul ayrılmamasını bildirib. Ermənistanın hərbi rəhbərliyi isə Azərbaycanın beşinci nəsil silahlarla vuruşduğunu, Ermənistan ordusu ilə müqayisə olunmayacaq dərəcədə güclü olduğunu elan etdi.

Ermənistan 30 il ərzində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Hazırkı bəyanat danışıqlar prosesinin müxtəlif mərhələlərindəki təkliflərin Azərbaycan üçün ən sərfəli variantından belə üstündür. 45 günlük müharibənin ölkəmiz üçün bir çox üstünlükləri var, amma əsas yekun məsələ budur: Azərbaycanın ərazi bütövlüyü bərpa olundu!

Və sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsasən həll edilir.

Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.

Millət vəkili Fazil Mustafa "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Laçın dəhlizində təhlükəsizliyə Azərbaycanın təminat verməsi birbaşa müdaxilə etmək imkanımızı bizdə saxlayacaq:

"Sülhməramlı kontingentin sayının süni şəkildə artırılmaması, orada Azərbaycana uyğun olmayan şəxslərin yerləşdirilməməsi, həmin ərazidən gedən yüklərin yoxlanılmasına nəzarət edəcəyik. Yük avtomobillərinin içində silah-sursat, partlayıcı maddələr və digər qanunsuz yüklərin daşınmasının qarşısı alınacaq. Ermənilərin Gorusdan Xankəndiyə gedib-gəlmələrinə Azərbaycan dövlət məmurları nəzarət edəcək. Sülhməramlılar isə yolu qoruyacaqlar ki, həmin dəhlizdə tərəflər arasında hər hansı problem çıxmasın. Amma dəhlizin yükdaşımalarına Azərbaycan nəzarət edəcək. Laçın dəhlizi Azərbaycan dövlətinin ərazisi kimi qalır və burada sülhməramlıların yerləşdirilməsinə Azərbaycan razılıq verir. Ermənistanda Mehri yolu da Ermənistan ərazisi olaraq qalır, lakin orada təhlükəsizliyə Rusiya təminat verir.

Ermənistan öz sərhədlərini özü qoruya bilmir, bunu Rusiya həyata keçirir. Ermənistan məğlub dövlət kimi öhdəlik götürüb və buna əməl etməlidir. Əgər əməl etməsə, gələcəkdə Azərbaycanın istənilən vaxt döyüş əməliyyatlarına başlamaq ixtiyarı var. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilir. İnzibati ərazi hakimiyyəti bizdə olacaq və ermənilər Azərbaycan bayrağı altında yaşayacaqlar. Hər bir rayonda Azərbaycan dövlətinin atributları olacaq, oranın artıq Ermənistana heç bir aidiyyatı yoxdur. Orada sadəcə Azərbaycan vətəndaşı olacaq ermənilər yaşaya biləcək. Polis də, məhkəmə də bizim olacaq”.

Qeyd edək ki, bu gün Türkiyə və Rusiya arasında atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək. Artıq Türkiyənin də sülhməramlıları Laçın dəhlizində, Xankəndidə və digər ərazilərdə Rusiya sülhməramlıları ilə birgə işləyirlər.