Sosial

“Riyad”la bağlı məhkəmə keçirildi

414
“Riyad”la bağlı məhkəmə keçirildi
Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və "Riyad" Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə insident anını əks etdirən videogörüntüyə baxılıb.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəmək üçün vaxt istəyib. Proses noyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digərləri isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar.