Sosial

Cəbhədə gərginlik, 1 nəfər yaralandı

796
Cəbhədə gərginlik, 1 nəfər yaralandı
Cəbhə xəttində erməni gülləsi dəyən ev (arxiv)
[s][/s]
Cəbhədə daha bir mülki şəxs yaralanıb. Erməni silahlı qüvvələri tərəfindən atılan mərmilərdən birinin Tərtər rayonunun Düyərli kəndinə düşməsi nəticəsində 1 nəfər yaralanıb. Bu barədə ANS PRESS-ə Düyərli kənd bələdiyyəsinin sədri İldırım Bayramov məlumat verib. Onun sözlərinə görə, ermənilər tərəfindən atılan mərmi kənd sakinlərindən birinin evinin yaxınlığına düşüb. Nəticədə kənd sakini, 1983-cü il təvəllüdlü Mehparə Nəbi qızı Əliyeva qəlpə yaraları alıb:

“Yaralını dərhal Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırdıq. Hazırda hamımız xəstəxanadayıq. Mehparə Əliyevanın qolundan 1, ayaq hissəsindən 2 qəlpə çıxarılıb. Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır. Həkimlər onun həyatı üçün heç bir təhlükə olmadığını dedilər”.


Ermənilərin aprelin 2-də törətdiyi təxribatla bağlı cinayət işi başlanıb
Ötən gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluq son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulması barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında qeyd olunur ki, aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşayiət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.


Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu çoxsaylı qəlpə yaraları alıblar.

Saat 12.00 radələrində düşmənin artilleriya atəşləri nəticəsində mərmilərdən biri də həmin qəsəbədə məskunlaşmış Əhmədov İsa Əli oğlunun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan İ.Əhmədov Bərdə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.


"Ali Baş Komandanın əmrini gözləyirik”
Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri də 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlunun idarə etdiyi "Niva-2121" markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu çoxsaylı qəlpə yaraları alıblar.


Ermənilərin mərmisi Tərtər sakininin evini yandırdı
Saat 20.00 radələrində yaşadığı evin yaxınlığına erməni hərbi birləşmələrinin atdığı top mərmisinin partlaması nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib.

Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlunun yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.