Son xəbər

QÜDRƏT QURBANOVLA RƏŞAD MƏMMƏDOVUN KÖHNƏ HAQQ-HESABI TƏZƏLƏNİR?

1044
QÜDRƏT QURBANOVLA RƏŞAD MƏMMƏDOVUN KÖHNƏ HAQQ-HESABI TƏZƏLƏNİR?
ADDA rəisi başqasına məxsus gəmini “Mərdəkan Broyler”ə satmaqda da ittiham olunur…

Avqustun 30-da 365info.az saytında “Qüdrət Qurbanovun Avropanı gəzib-tozan MTN-çi oğlu” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Azərbaycan Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun sabiq MTN başçısı Eldar Mahmudovla köhnə dostluq münasibətlərinə toxunulur, hətta Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun da MTN-də (hazırda DTX) işləməsi barədə söz açılırdı. Bu məlumat Q.Qurbanov tərəfindən təkzib olunmadığına görə, deyə bilərik ki, “od olmayan yerdən tüstü çıxmaz”.

Əlbəttə, hər hansı məmurun övladının təhlükəsizlik strukturlarında işləməsi normaldır, lakin Orxan Qurbanovun “İnstagram” profilinə baxdıqda, bu gəncin güc strukturlarında deyil, turizm şirkətində çalışdığı təəssüratı yaranır. Oxucular deyə bilər ki, çox güman, Orxan Qurbanov xarici ölkələrə “xüsusi tapşırıq” yerinə yetirməyə gedirmiş. Monako, İspaniya, Fransa, İtaliya, Türkiyə… Yəqin ki, Orxan Qurbanov bu ölkələrdə dövlətimiz və milli təhlükəsizliyimiz üçün önəm daşıyan məsələləri həll edirmiş. Sözügedən yazıda həmçinin qeyd olunurdu ki, Orxan Qurbanov bundan əvvəl bir sıra jurnalistlərin, o cümlədən Eynulla Fətullayevin tənqidlərinə tuş gəlib, lakin ADDA rəisinin köməkçisi Ülvi Həsənov “gənc MTN-çi”ni mətbuatın cəngindən xilas edib.

Eyni zamanda, ötən yazımızda çox maraqlı bir məqama diqqət çəkilirdi: “Ülvi Həsənova Qüdrət Qurbanov tərəfindən Səbail rayonu Xanlar küçəsi 1 ünvanında yerləşən 20-dən artıq qarajı sökdürərək, həmin ərazidə bir neçə mərtəbəli təhsil mərkəzi yaratmaq tapşırığı verilmişdi. Düzdür, həmin ərazidə yeni inşa edilən sahə Qüdrət Qurbanovun adına deyil, ancaq qaraj sahiblərinin hamısı ilə görüşən yenə də Qüdrət Qurbanovun köməkçisi Ülvi Həsənov olub və əlbəttə ki, o bütün danışıqları Qüdrət Qurbanovun adından aparıb”. Ölkə mətbuatını təhlil etdikdə, sözügedən qaraj söküntüsü barədə məlumatlara rast gəldik. Məsələn, conflict.az saytının yazdığına görə, söküntünü “Azimport” həyata keçirib və sakinlərlə danışıqlar aparmaq üçün Q.Qurbanovdan 600 min manat alıb. “Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Səbail rayonunda öz bisnes məqsədləri naminə “Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova verdiyi 600 min manat ətrafında qalmaqal yaranıb.

Bu biznes məqsədləri isə məmur-işbazlar tərəfindən “dövlət əhəmiyyətli layihə” adı altında həyata keçirilib, əvəzində isə onlarla insanın hüquqları pozulub. Belə ki, keçən il Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən bir neçə qaraj qanunsuz olaraq “Azimport” şirkəti tərəfindən sökülmüşdü. Sonra isə“Azimport” şirkətində bu problemə oxşar bir neçə məsələ baş verdiyi üçün, hüquq-mühafizə orqanları təcili tədbirlər görərək şirkətin məsul şəxslərini cinayət məsuliyyətinə cəlb etmişdilər. Ancaq bu günə qədər “Azimport” şirkətinin həmin ərazidə yerləşən qarajları kimin sifarişi ilə sökdürməsi bilinmirdi. Daxil olan məlumata görə, “Azimport” şirkətinə bu sifarişi Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov verib . Sözügedən ərazidəki qaraj sahibi bizim əməkdaşla söhbətdə bildirib ki, Qüdrət Qurbanov boşalacaq ərazidə çoxmərtəbəli bina tikdirmək və orda “özəl təhsil mərkəzi” açaraq rəhbərlik etdiyi dövlət qurumuna ödənişli xidmətlər “göstərmək” niyyətində idi. Bu təcrübə bir çox korrupsioner məmur tərəfindən həyata keçirilir və yaxın adamların adına açılan “özəl şirkətlər” dövlət sifarişləri və tenderlərin əsas “qəhrəman”ı olur. Ərazidəki qarajların sökülməsi üçün isə, Qurbanovun Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azimport” şirkətinin sahibi Rəşad Məmmədova 600 min manat pul verdiyi məlum olub. Lakin o da üzə çıxıb ki, bu sövdələşmədən daha çox pul qazanmaq istəyən Rəşad Məmmədov qarajların sahiblərinə pul təklif etməyibmiş. Qaraj sahibləri ilə “Azimport” şirkətinin əməkdaşlarının arasında mübahisə yarandıqda isə Rəşad Məmmədovun dəllalları qaraj sahiblərinə hədə-qorxu gələrək, “dövlət əhəmiyyətli obyekt” variantına əl atıblar.

Məmmədovun adamları iddia ediblər ki, buradakı qarajların sökülməsi “yuxarıların sifarişidir”. Vətəndaşları hədə-qorxu ilə aldatmağa çalışan Rəşad Məmmədovun “dövlətçilik” oyunları yarımçıq qalır. Bir müddət sonra Rəşad Məmmədov həbs olunduğu üçün, qaraj sahibləri ilə danışıqları Qüdrət Qurbanovun Ülvi adlı koməkçisi aparmağa başlayır. Qaraj sahiblərindən biri Böyük Britaniya vətəndaşı olduğuna görə, Ülvi ilə danışıqları həmin şəxsin Bəxtiyar adlı vəkili aparır. Danışıqlar vəkilli qane etmədiyi üçün, vəkillə Ülvi arasında yenidən mübahisə qızışır. Vəkil Ülviyə bildirir ki, o bir il yarımdır ki, Rəşad Məmmədovun dəllallarının yalanlarına dözüb, ancaq daha Qüdrət Qurbanovun dəllalının yalanlarına dözmək fikrində deyil. Beləliklə, Ülvinin də danışıqlarda göstərdiyi bacarıqsızlıq Qurbanovu pis vəziyyətdə qoyur. Çünki o keçən il həmin qarajların sökülməsi üçün Rəşad Məmmədova 600 min manat pul verib və bu günə qədər də həmin pulu geri ala bilmir. Digər tərəfdən isə, onun köməkçisinin yarıtmaz fəaliyyəti qaraj sahiblərini Qüdrət Qurbanovun üzərinə qaldırıb. Şikayətçilər bildiriblər ki, qaraj sahiblərindən biri İngiltərə vətəndaşdır və həmin şəxsin Bəxtiyar adlı vəkili qarajların sökülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə isə zərərçəkənin qarajı yenidən tikilərək özünə qaytarılması barədə qərar çıxarıb. Şikayətçilərdən biri bildirdi ki, məhkəmənin çıxartdığı qərardan sonra əcnəbi vətəndaşın Bəxtiyar adlı vəkili müştərisinin qarajını yenidən inşa etmək və əlavə xərcləri də cavabdehin üzərinə yönəltmək istəyib. Ancaq qarajın inşasına başlanılmamış, FHN-nin əməkdaşları həmin əraziyə gəlib və “qəza şəraiti” bəhanəsi ilə orada hər hansı tikinti aparılmasına mane olublar.

Şikayətçinin bildirdiyinə görə, çox güman ki, qarajın yenidən tikilməsinə mane olan “görünməz əl” də, məhz Qüdrət Qurbanova aiddir”, – deyə yazıda bildirilir.

Görəsən, Rəşad Məmmədov həbsdən çıxdıqdan sonra, bu 600 min manat məsələsi yenidən gündəmə gəlibmi?

Bu arada, “Yuniy moryak” adlı yük gəmisi oğurlanan Qəmbər Səfərov adlı vətəndaşın ölkə mətbuatına verdiyi açıqlama da diqqəti çəkir. “Onun sözlərinə görə, hər dəfə Qüdrət Qurbanovun qanunsuzluğu ilə bağlı prezident İlham Əliyevə müraciət edəndə və yaxud baş verənləri ictimailəşdirəndə Dövlət Dəniz Administrasiyası rəhbərinin adamları ona zəng edərək problemin tez bir zamanda həllini tapacağı barədə vəd verirlər. Lakin dəfələrlə verilən vədlərə əməl olunmayıb: “Qüdrət Qurbanov nə qanunları, nə də Azərbaycan qanunlarının qarantı olan cənab prezident İlham Əliyevi sayır. Mənim oğurlanan gəmimə Qüdrət Qurbanov saxta sənəd verib və faktiki olaraq cinayətə şərik olub. Məhkəməyə müraciət etmişəm, Qüdrət Qurbanovun verdiyi saxta sənəd etibarsız sayılıb, həmçinin gəminin qaytarılması ilə bağlı qərar çıxarılıb. Bu barədə ötən dəfə sizin sayta müsahibəmdə demişəm. Təsəvvür edin, məhkəmə qərarı ola-ola bu adam mənim gəmini qaytarmır. Yaxud da kompensasiya ödəmir. Elə ki, prezidentə müraciət edirəm və ya mətbuata çıxıram dərhal mənə xəbər göndərir ki, məhkəmə qərarını icra edəcəm. Amma sonra məlum olur ki, sadəcə başımın altına yastıq qoyur” (istiqlal.az).

Bu şikayət ölkə mətbuatında 2015-ci il sentyabrın əvvəllərində yayılmışdı – hələ MTN “epoxa”sının sürdüyü zamanda. Sahibkarın şikayətində məhz həmin “epoxa”nı xatırladan bəzi məqamları da oxucuların diqqətinə çatdırırıq: “Qəmbər Səfərov həmçinin bildirib ki, Qüdrət Qurbanov güc strukturlarında rəhbər vəzifələrdə işləyən qohumlarına arxayındır.

“Amma Qüdrət Qurbanov unudur ki, bu ölkənin qanunları var, bu qanunların qarantı olan prezident var. Mən bu məsələdə sona qədər mübarizə aparacam. Həyatımı itirəsi olsam belə gəminin geri qaytarılmasına nail olacağam”,– deyə Qəmbər Səfərov bildirib. Şikayətçi bildirib ki, növbəti müraciətlərində Qüdrət Qurbanovu himayə edənlərin də adlarını açıqlayacaq.

Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası saxta sənədlərlə Qəmbər Səfərova məxsus “Yuniy Moryak” gəmisini satıb. Qəmbər Səfərov məhkəməyə müraciət edib. Səbail Rayon Məhkəməsi dəhşətli saxtakarlıqları üzə çıxarıb. Məhkəmə zamanı bəlli olub ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən “Mərdəkan-Broyler” ASC saxta alqı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər”.

Araşdırmamız davam edir…