Son xəbər

Azərbaycan tərəfə keçən erməni qadın ölkəsinə qaytarılıb

798
Azərbaycan tərəfə keçən erməni qadın ölkəsinə qaytarılıb
2015-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Qazax rayonu ərazisində saxlanılan Ermənistan Respublikasının vətəndaşı, 1942-ci il təvəllüdlü Abovyan Lusine Qukasovnanı noyabrın 12-də azad edərək qarşı tərəfə qaytarılıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.
Məlumatda bildirilir ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilən proses zamanı yaxınlıqdakı erməni mövqelərindən atəş səsləri eşidildiyinə görə Komissiyanın İşçi Qrupunun əməkdaşları qarşı tərəfdən yenidən təhlükəsizlik zəmanəti alınması və atəşin dayandırılması barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət ediblər. Bu tələblər yerinə yetirildikdən sonra L.Abovyanın repatriasiyası həyata keçirilib.