Son xəbər

Mədəniyyət və Turizm İdarəsində müdhiş yeyinti FAKTLARI

1019
Mədəniyyət və Turizm İdarəsində müdhiş yeyinti FAKTLARI
Artıq dəfələrlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində baş verən özbaşınalıqlar barəsində şikayətlər dərc olunur. Amma çox təəssüf ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev minlərlə mədəniyyət işçisinin narazılıqlarına və haqlı şikayətlərinə reaksiya vermir.

Liderinfo.az-a verilən məlumata görə, neqativ hallar günü-gündən artmaqda və mədəniyyət işçilərini bu sahənin rəhbərlərindən narazı salmaqdadır.
Mədəniyyət işçiləri böyük ümidlərlə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin korrupsiya bataqlığına çevirdiyi İdarənin vəziyyətinin düzələcəyinə inanırlar.
Amma görünən odur ki, Əbülfəs Qarayav nədənsə tələsmir. Nəzarətsizlik səbəbindən bu İdarədə ümumi vəziyyət günbəgün ağırlaşmaqda, dözülməz həddə çatmaqdadır.
İdarədə baş verən korrupsiya halları haqqında dəfələrlə yazılar dərc olunsa da, 2015-ci ilin ilk 3 ayı ərzində İdarədə 2 milyondan çox silinmənin olması işıqlandırılsa da bunun əməli nəticəsi olmadı.
Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarına əsasən dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit yoxlamalar həyata keçirilib.
Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarına nəzər saldıqda isə yoxlamalar nəticəsində İdarədə aşkarlanmış 1 milyon manat civarında korrupsiya faktının şahidi oluruq.
Belə ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il 31 mart tarixli Q-39 nömrəli Kollegiya Qərarının 3.1-ci bəndinə əsasən Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək qərara alıb ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən işçilərin Türkiyə Respublikasının İstanbul şəhərində istirahəti üzrə xərc edilmiş 18.018,0 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800,0 manat, Novruz Bayramı şənliklərinin keçirilməsi üzrə 5850,0 manat, silinmiş mal-material qiymətlilərinin dəyəri üzrə 47.932,4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783,0 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665,1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204,8 manat vəsaitin nəğd qaydada, 173.553,8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634,5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəzləşdirilməsi, muzeylərə alınmış 46.676,8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın.
Sözügedən Qərarın 3.2-ci bəndinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 2 nömrəli Maliyyə və İqtisad Regional bölməsi tərəfindən artıq ödənilmiş 21.404,0 manat ezamiyyə xərcinin, silinmiş mal-material qiymətlilərinin dəyəri üzrə 36.820,0 manat vəsaitin nəğd qaydada bərpası nəzərə alınsın.
Bundan əlavə Kollegiyanın Qərarının 4.6-cı bəndində İdarənin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri və kitabxanalar üzrə artıq saxlanılmış 108, ştatdankənar işçi adı ilə isə saxlanılmış 32 ştat vahidinin ixtisar edilməsi tapşırılıb.
Bununla yanaşı olaraq Hesablama Palatasının Kollegiyasının müvafiq Qərarının 5.1-ci bəndinə əsasən Mədəniyyət və Turizm Nazirliyi öz növbəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclər hesabına verilməsi rəsmiləşdirilmiş mal-materialların çatışmazlığı üzrə 66.936,0 manat, o cümlədən Şaroyev adına 35 saylı Musiqi məktəbi üzrə 11.490,0 manat, F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi üzrə 8510,0 manat, Bibi Heybət qəsəbə Mədəniyyet evi üzrə 12.000,0 manat və 5 saylı Uşaq İncəsənət məktəbi üzrə 6586,0 manat vəsaitin büdcəyə bərpasını təcili təmin etməlidir.
Həmçinin Kollegiyanın Qərarının 5.4-cü bəndində göstərilmişdir ki, bu Qərarla müəyyən edilmiş qanunvericiliyin pozulması halları qısa müddətdə aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə m üəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin.
Yadınıza gəlirsə 2015-ci ilin yanvar ayında Ə.Əliyev onun fəaliyyəti haqqında yazılan şikayətlərə cavab olaraq saytların birinə bildirmişdir ki, o məhkumluq həyatı yaşamayıb və 1990-cı ilədək Rusiyada yaşayaraq mədəniyyət sahəsində çalışmışdır. Ola bilsin ki, Ə.Əliyevi nələrisə unudub. Eybi olmaz, yaddaşını təzələməkdə kömək edə bilərik.
Belə ki, Əlikram Əliyevin sonuncu müsahibəsində“Mən heç vaxt məhkum olmamışam. İki universitet bitirmişəm. 1-ci ixtisasım teatr rejisoru, 2-ci ixtisasım hüquqşünas. İkinci ixtisas üzrə əmək fəaliyyətim olmayıb. 1981-83 illərdə hərbi xidmətdə olmuşam. Sonra isə 1990 ilədək Rusiyada yaşayıb, mədəniyyət sahəsində işləmişəm. Rusiyadan 1990-cı il hadisələrində vətənə dönmüşəm.”
İndi isə gəlin Əlikram Əliyevin “unutduğu” faktlara baxaq. Belə ki, Ə.Əliyev 28 dekabr 1985-ci il tarixində o vaxtkı Əzizbəyov rayon hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan SSR Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci bəndinə əsasən 3 il 6 ay müddətində həbs olunmuşdur.
Daha sonra cəzasının 2 il 1 ay 22 gün müddəti tamam olduqdan sonra 6 may 1987-ci ildə şərti azadlığa buraxılıb. Şərti azadlıqda olarkən yenidən qanun pozuntusu törətmiş və 10 fevral 1988-ci ildə cəzasının çəkilməmiş 5 ay 18 gününü geriyə qaytarılıb. 20 fevral 1988-ci il tarixində isə müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

Ə.Əliyevin törətdiyi cinayətin tövsif olunduğu maddəni diqqətinizə çatdırırıq:
8 dekabr 1960-cı ildə qüvvəyə minmiş Azərbaycan SSR Cinayət Məcəlləsi (Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə qüvvədən düşmüşdür)
Göründüyü kimi, Əlikram Əliyev son müsahibəsində nədənsə bunları “unutmuş” və insanları bu illər ərzində Rusiyada yaşayaraq mədəniyyət sahəsində çalışdığına inandırmağa çalışıb.
Sadalanan və faktlara əsaslanan bu korrupsiya halı kifayət qədər ciddidir. Amma nədənsə Əbülfəs Qarayev bütün bu halların qarşılığında Əlikram Əliyevə bu günlərdə sadəcə xəbərdarlıq verdi.