Son xəbər

Elmira Axundova növbəti izdihamlı görüşlərini keçirib - FOTOLAR

679
Elmira Axundova növbəti izdihamlı görüşlərini keçirib - FOTOLAR
Növbəti izdihamlı görüşlərdə də sakinlər deputatlığa namizəd Elmira Axundovaya səs verəcəklərini bildirdilər

71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Elmira Axundova 27 oktyabr 2015-ci il tarixdə Masallı rayonunun Kolatan kəndində sakinlər ilə görüş keçirib.

Saat 11:10-da baş tutan görüşü giriş sözü ilə açan Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev onun tərcümeyi halından, xalq, millət, dövlət qarşısındakı xidmətlərindən, beynəlxalq səviyyədəki geniş fəaliyyətindən ətraflı söhbət açdı. Daha sonra Elmira Axundovanın vəkili, tanınmış ziyalı Yeganə Musazadə çıxış etdi. Elmira Axundovanın 90-cı illərdəki fəaliyyəti, həmçinin zəngin bədii-publisistik yaradıcılığı barədə ətraflı məlumat verdi.

Görüşdə çıxış edən kənd sakinləri Bağır Bağırov, Şükür Zeynalov, Yusif Qulamov, Ağakişi Qənbərov, Ağayeva Məlahət, Həbibov Rufulla və digərləri çıxış edərək hər zaman seçicilərin yanında olduğu, onların problemləri ilə maraqlandığı üçün Elmira Axundovaya təşəkkür edərək ona dəstək olacaqlarını bildirdilər.

Görüşün sonunda Elmira Axundova çıxış edərək özünün 10 illik fəaliyyəti, Milli Məclisdəki çıxış və təklifləri, qarşıda duran hədəflər barədə ətraflı məlumat verdi. O bunları qeyd etdi: “ 10 il əvvəl Masallıda 35-ə yaxın qəzalı məktəb var idi. İndi isə onların sayı cəmi 6-7-dir. Sözsüz ki, cənab Prezident İlham Əliyevin qayğısı ilə rayonda xeyli işlər görülüb. İki böyük kənd xəstəxanası ən yüksək səviyyədə təmir edilib. Kəndlərə qaz çəkilib, bir çox kənd yolları təmir edilib, su-kanalizasiya sistemi yenilənməkdədir. Dünyada və vətənimizdə baş verən iqtisadi böhrana baxmayaraq ölkə rəhbərliyi sosial yönümlü tədbirləri növbəti ildə də davam etdirəcək. Bu baxımdan mən hər birinizi dövlətçiliyimizə, müstəqilliyimizə sahib çıxmağa, ölkə rəhbərinə hər zaman dəstək olmağa çağırıram”. Sonda Elmira Axundova əhalini seçkilərdə fəal olmağa, öz səsvermə hüquqlarından istifadə etməyə çağırdı.

Digər möhtəşəm görüş isə Masallının ən böyük qəsəbələrindən biri olan Boradigah qəsəbəsində Bələdiyyə Sarayında 15:00-da baş tutdu. Havanın çiskinli, möhkəm yağışlı olmasına baxmayaraq 500-dən çox qəsəbə sakini Elmira Axundova ilə görüşmək üçün Saray binasına toplaşmışdılar.

Görüşü Elmira Axundovanın vəkili, əməkdar müəllim Musarza Mirzəyev açdı. O bunları dedi: “Elmira Axundovanın el-obaya bağlılığından, millət təəssübkeşliyindən, vətən və xalq məhəbbətindən saatlarla danışmaq olar. O, 90-cı illərdə Azərbaycanın başına gətirilən bəlaları, 20 yanvar faciəsini dünya və rus ictimaiyyətinə rus dilində çatdıran jurnalistimiz olub. Demək olar ki, yeganə rusdilli jurnalist kimi Azərbaycan həqiqətlərini dünyaya bəyan edib. Həmçinin ümummilli lider Heydər Əliyevlə bir yerdə çalışmaq şərəfinə nail olmuş şəxslərdən biridir. Ulu öndər Heydər Əliyev Elmira Axundovaya yüksək qiymət verirdi və onu vaxtından əvvəl “Şöhrət” ordeni ilə təltif etmişdi. Həmçinin Elmira Axundovanın bədii-publisistik yaradıcılığı da zəngindir. O, yüzlərlə oçerk və monoqrafiyanın, o cümlədən 25 kitabın müəllifidir. Onun şah əsəri isə “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatdır ki, həmin əsərə görə də Azərbaycanın 25 illik müstəqillik tarixi boyunca ilk dəfə olaraq Elmira Axundova ədəbiyyat sahəsində Dövlət mükafatına layiq görülüb.
Bundan əlavə Elmira Axundova sizləri hər zaman həm Respublika, həm də beynəlxalq səviyyədə ləyaqətlə təmsil edib. Mən əminəm ki, noyabrın 1-də keçiriləcək seçkilərdə sizlər yenidən doğru seçim edəcək, Elmira Axundovaya səs verəcəksiniz”.

Görüşlərdə həmçinin Elmira Axundovanın vəkili, tanınmış ziyalı Yeganə Musazadə də çıxış edərək bunları dedi: “1990-cı illərin əvvələrində mən Naxçıvanın Bakı şəhərindəki Daimi nümayəndəliyində çalışırdım. Həmin illərdə Heydər Əliyevə qarşı olan hücumların dəf edilməsində, onunla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Elmira xanımın necə cəsarətlə mübarizə apardığının, onun necə cəsur və qorxmaz olduğunun şahidi olmuşam. Elmira Axundova sözün əsl mənasında şəxsiyyətdir, öz sözünü deməyi bacaran ləyaqətli insandır, əsl vətənpərvərdir. O, bütün varlığı ilə bu bölgəyə bağlıdır. Elmira Axundova tanınmış şəxs olduğu üçün Azərbaycanın istənilən bölgəsindən, hətta Bakıdan da deputatlığa namizədliyini verərdi. Amma yenə də onun seçimi Masallı oldu. O, ürəyi sizinlə bir vuran, sizə dəyər verən millət vəkilidir. Buna görə əminəm ki, növbəti 5 ildə sizi təmsil etmək üçün Elmira Axundovaya yenə dəstək olacaqsınız”.

Görüşdə çıxış edən kənd qəsəbə sakinləri Ələsgər Nəhmətov, Nurməmməd Ağayev, Kamal Cəfərov, Elgiz Quliyev, Əli Muxtarov, Nərgiz Məmmədova və digərləri çıxış edərək Elmira Axundovaya hər zaman dəstək olduqlarını, bundan sonra da onu dəstəkləyəcəklərini dilə gətirdilər.

Görüşün sonunda deputatlığa namizəd Elmira Axundova görüşə gəldikləri, ona dəstək verdikləri üçün sakinlərə təşəkkür etdi. O, qeyd etdi ki, əvvəlki 10 ildə bir çox problemlər ölkə rəhbəri cənab Prezident İlham Əliyevin köməyi, dəstəyi, qayğısı nəticəsində həll olunub, əmindir ki, yenidən seçiləcəyi təqdirdə növbəti 5 il ərzində qalan problemlərini həllinə birlikdə nail olunacaq. Elmira Axundova özünün fəaliyyəti, görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Çıxışının sonunda sakinlərdən bunları xahiş etdi: “Sizlər İraq, Livan, Suriya, Ukrayna xalqlarının başına gətirilən bəlaların canlı şahidlərisiniz. Xalq olaraq ayıq olmaq lazımdı. Hal-hazırda dövlətimizə qarşı, ölkə rəhbərinə qarşı bizə düşmən olan xarici qüvvələr fəallaşıblar, dövlətçiliyimizə, müstəqilliyimizə real təhlükə hiss olunur. Təəssüf ki, bizə qarşı yönələn bu kampaniyaya bir sıra daxili xainlər də qoşulub. Buna görə biz cənab Prezidentin ətrafında sıx birləşməliyik. Bu qüvvələrə imkan verməməliyik ki, bizim birliyimizi, əmin-amanlığımızı pozsunlar, çaxnaşma yaratsınlar, bizi də Ukrayna və Yaxın Şərq ölkələrinin gününə salsınlar. Avropanın toruna düşənlərin aqibəti hər birimizin gözü qabağındadır. 90-cı illərdəki aclıq, səfalət, torpaqların ard-arda itirilməsi dövrünə yenidən qayıtmağa mənəvi haqqımız yoxdur. Bu mənfur qüvvələrə fürsət verməmək üçün hamımız seçkilərdə fəal olaq, kimə səs verəcəyimizdən asılı olmayaraq vətəndaş mövqeyi göstərib seçki məntəqələrinə yollanaq”.
Elmira Axundova növbəti izdihamlı görüşlərini keçirib - FOTOLAR