Son xəbər

50 min dollara nömrə alan cənubun “monopolist” biznesmen deputatı - Nəriman Əliyev

2467
50 min dollara nömrə alan cənubun “monopolist” biznesmen deputatı - Nəriman Əliyev
Milli Məsclisdə aktiv deputatlarla bərabər, “lal kar dinməz, söyləməz” mandat sahibləridə var. Bu mandat sahibləri sadəcə öz bizneslərinin toxunulmazlığı üçün parlamendə təmsil olunduqları hər kəsə aydındır.

Bu il keçiriləcək parlament seçkilərində 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizədliyini yenidən irəli sürən biznesmen deputat Nəriman Əliyev haqqında beş il ərzində media nümayəndələri və təşkilatları tərəfindən dərc edilmiş yazıları ümumiləşdirərək təqdim edirik.

Deputat 50 min manata nömrə alıb?

70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat seçilmiş Nəriman Əliyevlə bağlı ilginc iddia irəli sürülüb. Məlumat verən mənbələrin bildirdiyinə görə, millət vəkili ilə bağlı iddia onun şəxsi avtomobilinə dövlət nömrə nişanı alması üçün külli miqdarda pul xərcləməsiylə əlaqəlidir.

Məlumatda deyilir ki, Nəriman Əliyev maşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar pul xərcləyib. Hətta bunun üçün bir neçə nəfərə minnətçi düşdüyü də deyilir. Maraqlıdır ki, sözügedən dövlət nömrə nişanı «zerkalnı»lar sırasında deyil. Və 133 rəqəminin hansı məna daşıdığı da naməlumdur. Belə olan təqdirdə, deputatın məhz 90 AA 133 nömrəsinə bu qədər pul xərcləməsi müəmma olaraq qalır.

Onu da qeyd edək ki, dövlət nömrə nişanına külli miqdarda pul xərcləyən təkcə deputatın özü deyil. Həmçinin onun qardaşı oğlunun da «zerkalnı» nömrə həvəskarı olduğu deyilir. JAM.AZ-a çatan məlumata görə, deputatın qardaşı oğlu 99-999 dövlət nömrə nişanını əldə etmək üçün 70 min dollar xərcləyib.

Xatırladaq ki, Nəriman Əliyev deputatı olduğu Masallı rayonunda fəaliyyətinə görə elə də bəyənilmir. İlk olaraq, onun hətta ata evinin qarşısından keçən Masallı rayonunun 10-dan artıq kəndi birləşdirən Digah yolu bərbad haldadır və indiyə qədər də bataqlıq vəziyyətindədir. Lakin düzəldilməsi üçün millət vəkili bircə dəfə də olsun təşəbbüslə çıxış etməyib. İkincisi isə Nəriman Əliyev Milli Məclisin «susqun» deputatları sırasındadır. Onun indiyə qədər parlamentin iclaslarında çıxış edərək, təmsil etdiyi rayonu ilə bağlı danışmadığı camaatın narazılığına səbəb olmaqdadır. Bu əsnada sözügedən deputatın bir xeyli iri biznesləri olduğu da bildirilir.

Masallıların şikayəti Nəriman Əliyevin şansını bitirdi

Bir çox siyasi ekspertlərin növbəti parlament seçkilərinin gərgin keçəcəyi ilə bağlı proqnozları artıq özünü doğrultmağa başlayıb. Belə ki, 5 il ərzində heç bir fəaliyyət göstərməyən, iclaslarda ağzına su alıb oturan millət vəkilləri son bir neçə ayda seçicilərlə yaxından maraqlanmağa çalışırlar. Ancaq görünən odur ki, bu cəhdlər həm seçicilər tərəfindən, həm də hakimiyyət tərəfindən səmimi qəbul edilmir.

Bəzi siyasi mənbələr, məhz bu fakları nəzərə alaraq millət vəkillərinin bir qisminin bu seçkilərdə mandatsız qalacağını proqnozlaşdırırlar.

Məlumata görə, növbəti seçkilərdə mandatsız qalacaq deputatlardan biri də IV çağırışda 70 saylı Masallı şəhər Seçki Dairəsindən seçilən Nəriman Əliyevdir.

Mənbənin sözlərinə görə, Milli Məclisdə deputat olduğu vaxtdan bəri heç bir çıxışı ilə yadda qalmayan, iqtidarın siyasətinin əhali arasında təbliğində yetərincə iştirak etməyən, xarici təşkilatların Azərbaycanla bağlı haqsız mövqelərinə qarşı əks mövqe belə sərgiləməyi düşünməyən Nəriman Əliyevin 5 il boyunca hakimiyyətin adından istifadə etməsi onun növbəti seçkidə şanslarını tamam tükədib.

Eyni zamanda, N.Əliyevlə bağlı seçici şikayətlərinin çoxalması, onun seçicilərlə görüşlərdə özünü qorumaq üçün rayondakı problemləri hakimiyyət nümayəndələrinin üzərinə yıxması deputatın bütün planlarını alt-üst edib.

N. Əliyevin seçicilər qarşısında mövcud problemləri hakimiyyətin üzərinə yıxması Masallı rayon icra başçısı Rafil Hüseynovun da qulağına çatıb. Məsələdən agah olan Rafil Hüseynov məhz bu səbəbə görə deputata “qırmız işıq” yandırıb.

Məsələnin ən maraqlı tərəfi isə Masallı rayonunda Yeni Azərbaycan Partiyasının tədbirlərində, rayon icra hakimiyyətinin yığıncaqlarında ümumiyyətlə Nəriman Əliyevin görünməməsidir. Məhz bu səbəblərə görə Masallı sakinləri Nəriman Əliyevi deputat kimi tanımırlar.

Masallıda icra başçısı ilə deputatın biznes müharibəsi başladı

70 saylı Masallı Seçki Dairəsindən deputat seçilən Nəriman Əliyevin bu rayonda olan böyük biznes şəbəkəsi nəzarətə götürülüb. Belə ki, rayonun icra başçısı Rafil Hüseynov Masallıda olan iş adamlarından haqq tələb edərkən deputatla aralarında yeni problem yaranıb. Nəriman Əliyevin Masallıdakı geniş biznes şəbəkəsinin əlindən alınmaq təhlükəsi ilə üzləşməsi onun bir sıra addımlar atacağına da vadar edib.

Məlumata görə, deputat icra başçısına açıq mesaj göndərib ki, əgər bir daha onun obyektlərini və ona yaxın iş adamlarını sıxışdırarsa, Masallıda yaşanan rüşvətxorluq, maxinasiya halları ilə bağlı Milli Məclisdə çıxış edəcək.

Qeyd edək ki, Masallının icra başçısı Rafil Hüseynov bu günlərdə Türkoba, Şatroba və Qəzvinoba kəndlərinin sakinlərilə görüş keçirdikdən sonra yerli iş adamlarından yığılacaq vəsait hesabına bu problemli kəndlərə maliyyə yatıracağını bəyan edib. Bu məsələ ilə razılaşmayan Nəriman Əliyev icra başçısına açıq savaş elan edib.

Xatırladaq ki, Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevlə yaxın münasibətlərə sahib olan və bu münasibətlərdən istifadə edərək, rayonda bir sıra iri obyektlər açan Nəriman Əliyevin geniş biznesinin bir hissəsi artıq əlindən çıxıb.

Qəzənfər Ağayevin Astara rayonuna icra başçısı təyin olunmasından sonra Masallıdakı “krişa”sını itirən N.Əliyev yeni başçı ilə uzun müddətdir qarşıdurma yaşayır.

Məlumata görə, Masallının icra başçısı Rafil Hüseynov Nəriman Əliyevin rayonda sərbəst şəkildə böyük biznes qurmasını və cənub bölgəsində iri monopolistə çevrilməsini həzm etmək niyyətində deyil. Bu barədə redaksiyamıza məlumat verən mənbənin bildirdiyinə görə, başçı cənub bölgəsini bütövlükdə konserv məhsulları ilə təmin edən Nəriman Əliyevə birmənalı şəkildə göstəriş verib ki, rayonda bir sıra quruculuq və abadlıq işləri aparmalı və bunların hamısını öz vəsaiti hesabına etməlidir. Əks təqdirdə, rayondakı biznes obyektlərini gözdən çıxarmalı olacaq. Artıq bəzi obyektlərin qanunsuz olması haqda bildiriş kağızları da aldığı bildirilir. İndi isə icra başçısı Rafil Hüseynov rayonun keçmiş rəhbəri Qəzənfər Ağayevin yaxın adamı olan Nəriman Əliyevin öhdəsinə rayonun əsas abadlıq işlərini vermək niyyətindədir.

Bu arada icra başçısının müxtəlif yollarla təzyiq etdiyi və ciddi ziyana düşən Nəriman Əliyevin dəyən zərərlərin işçiləri hesabına ödədiyi də bildirilir. Artıq deputat biznesinə daxil olan obyektlərin işçiləri maaş üzünə həsəd qalıblar. Masallıda ən çox danışılan məsələ isə budur ki, icra başçısının bu təzyiqləri qarşısında nəinki deputatın obyektləri eləcə də iş adamlarının da biznesləri çəkə bilər.

Rayondakı iş adamlarının və idarə rəislərinə yaxın olan şəxslərin bildirdiyinə görə, icra başçısı ilə Nəriman Əliyev arasında daha bir problem isə ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı rayonda keçirilən tədbirlərlə bağlı yaranıb. Belə ki, icra başçısının göstərişi ilə iş adamları və idarə rəislərindən 3-5 min manat arasında vəsait tələb olunub. Bu isə Nəriman Əliyevə yaxın olan iş adamların narazılığı ilə qarşılanıb.

Millət vəkili seçicilərini necə istismar edir?

Masallıda deputat Nəriman Əliyevlə əhali arasında gərginlik artır…

Son günlər ölkədə bir sıra millət vəkillərinin adıları müxtəlif olaylarda hallanır. Həmçinin qanunun icazə vermədiyi halda deputatların biznes şəbəkələri qurması da Milli Məclis ətrafında gedən müzakirələri dərinləşdirir, eyni zamanda deputaların fəaliyyəti haqqında birmənalı mövqe formalaşdırmır. Belə ki, özünü qanun müdafiəçiləri və müzakirəçiləri kimi təqdim edən şəxslərin qanunu kobud şəkildə pozması, öz merkantil maraqlarını qanundan üstün tutmaları bir daha onların legitimliyini sual altına qoyur.
Redaksiyamıza daxil olan məlumata görə, 70 saylı Masallı Seçki Dairəsindən deputat seçilən Nəriman Əliyevin də adı müxtəlif qalmaqallarda hallanır. Belə ki, onun Masallıda böyük biznes şəbəkəsi qurması və torpaq sahələri alması barədə ilginc məlumatlar var. Məlumatda bildirilir ki, son olaraq deputatın adı torpaq qalmqalında hallandırılır. Onun Masallı-Yardımlı magistral yolu ətrafında, təbii şəraiti ilə diqqət çəkən əraziləri mənimsəməsi rayonda ciddi narazılıqla qarşılanıb. Bildirilir ki, deputat rayonun özündə, eləcə də Ərkivan və Qərbiblər kəndləri ərazisində böyük torpaq sahələri alıb. Konflikt də məhz bundan sonra başlayıb.
Məlumata görə, həmin torpaq sahələrinin bir çoxu sahibkarlara və fərdi təsərrüat sahibi olan vətəndaşlara aiddir. Yerli sakinlər bu torpaq sahələrinindən əvvəllər otlaq və əkin sahələri kimi istifadə ediblər. Ancaq sonradan məlum olub ki, deputat həmin əraziləri alıb. Hətta bəzi yerlərdə müxtəlif obyektlər də tikilib. Onlar baş verən problemlə bağlı deputatla görüşmək istəsələr də, deputatın köməkçisi bu görüşə müxtəlif vasitələrlə əngəl olmağa çalışıb və vətəndaşlara həmin torpaq sahələrinin pulunun deputat tərəfindən ödəniləcəyini deyib. Ancaq bu vədlərin bir müddət sonra yalan olduğu üzə çıxıb.
Bundan sonra vətəndaşlar rayon icra hakimiyyətinə, şəxsən icra başçısı Rafil Hüseynova müraciət ediblər. İcra başçısı isə bu sahələrin deputat tərəfindən keçmiş icra başçısı Qəzənfər Ağayevin dövründə alındığını, onun bu məsələyə müdaxilə edə bilməsinin imkansız olduğunu deyib. Lakin vətəndaşların təkidli tələbini görən icra başçısı istənilən sosial partlayışın baş verə biləcyindən ehtitalanaraq onlara bu problemi yoluna qoyacağına dair söz verib və problemi Nəriman Əliyevlə müzakirə edəcəyini deyib.
Məlumatda bildirildiyinə görə, məsələ millət vəkilinə də çatdırılıb. O isə baş verənləri soyuqqanlıqla qarşılayıb və heç kəsdən çəkinmədiyini bildirib. Həmçinin millət vəkili vətəndaşlarla, o ğümlədən seçiciləri ilə görüşməkdən imtina edib. Ümumiyyətlə, isə məlumatda Nəriman Əliyevin bu müddət ərzində seçiciləri ilə görüşmədiyi bildirilir.
Həmçinin bildirilir ki, Nəriman Əliyevin biznes şəbəkəsi təkcə deputat seçildiyi dairənin ərazisində deyil. O, Masallı rayonunun müxtəlif yerlərində biznes qurmağa çalışır. Onun yeni tikdirdiyi möhtəşəm restoranın söz-söhbəti isə rayonda kəsilmək bilmir. Bundan başqa, millət vəkili rayonda tikinti və taxta-şalban biznesinə də əl qoyub. Ancaq bu sahəni hələ tam əlində ala bilməyib. Onun Masallı-Yardımlı magistral yolunun kənarında, meşə ərazlərində də bir sıra istirahət obyektləri tikdirdiyi bildirilir.
Qeyd olunur ki, bu obyektlər başqalarının adına sənədləşdirilsə də, məhz deputatın özünə məxsusdur. Buradan gələn gəlirlərin də birbaşa depuatat aid olduğu söylənilir. Qeyd edək ki, qəzetə daxil olan məlumatda millət vəkili ilə bağlı ilginc məlumatlar yer alır. Həmin məlumatların dəqiqləşdirməyə ehtiyacı olduğu üçün hələlik oxucularımıza təqdim etmirik.

İcra başçısı deputatı rayona buraxmır?

"Nəriman Əliyev Masallıda görüş keçirə bilmir. İcra başçısı Rafil Hüseynov deputata “qırmız işıq” yandırıb".

Məlumatda bildirilir ki, Milli Məclisə 70 saylı Masallı şəhər seçki dairəsindən millət vəkili seçilən, iş adamı Nəriman Əliyev uzun müddətdir, seçildiyi 70 saylı Masallı şəhər seçki dairəsinin vətəndaşları ilə görüşə bilmir. Buna səbəb isə Masallı rayon icra başçısı Rafil Hüseynovun vətəndaşlarla keçirdiyi səyyar görüşlərə Nəriman Əliyevi çağırmamasıdır. İcra başçısının depuatatı vətəndaşlarla görüşə çağırmamasının arxasında isə Rafil Hüseynovun Nəriman Əliyevdən xoşlanmamasıdır.

Sayta məlumatı verən mənbə qeyd edir ki, deputat Masallı rayonuna daha çox çiçəklənməkdə olan biznesinə nəzarət etmək və birdə xeyir şər məclislərində iştirk etmək üçün gəlir. Ümumiyyətlə isə son 2 ildə Nəriman Əliyevin Masallı seçiciləri ilə görüşmədiyi qeyd olunur və vurğulanır ki, deputat seçicilərinin hər hansı bir problemi ilə maraqlanmayıb. Hətta deputat qonşu Yardımlı rayonunda digər millət vəkilləri ilə vətəndaşların görüşünə, təbdirlərə qatılır.

Məsələnin ən maraqlı tərəfi isə Masallı rayonunda Yeni Azərbaycan Partiyasının tədbirlərində, rayon icra hakimiyyətinin yığıncaqlarında ümumiyyətlə Nəriman Əliyevin görünməməsidir. Məhz bu səbəblərə görə Masallı sakinləri Nəriman Əliyevi deputat kimi tanımırlar.

Qeyd edək ki, AzFakt.com-a daxil olan başqa bir məlumata görə deputat Nəriman Əliyev son aylar Masallı rayonunda və cənub zonasındakı bir çox məclislərdə özünü Fövqalədə Hallar naziri Kamaləddin Heydərovun adamı kimi təqdim edir. Nərman Əliyevin həqiqətəndə Kamaləddin Heydərova yaxın münasibətinin olduğu iddia olunur. Ancaq deputatın bu məsələni indi dövrüyəyə nə üçün buraxması isə çox maraqlıdır. Növbəti sayımızda deputat Nəriman Əliyevin Kamaləddin Heydərovla münasibətlərini açıq şəkildə elan etməsinin səbəbini oxucularımıza təqdim edəcəyik.

AzFakt.com