Son xəbər

MTN-in həbs edilmiş rəhbər heyətinin yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ

1348
MTN-in həbs edilmiş rəhbər heyətinin yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ
Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş rəhbər heyətinin yaxın qohumları və biznes şəbəkələri ilə bağlı məlumat yayılıb.

Liderinfo.az musavat.com-a istinadən həmin məlumatı təqdim edirik:

1. Sabiq nazir general-polkovnik Eldar Mahmudovun qohumları - Vüqar Mahmudov (əmisi oğlu, nazirin köməkçisi), Elnur və Anar Hüseynovlar (nazirin köməkçiləri), Ceyhun Əliyev (MTN Astara Rayon Şöbəsinin rəisi), Fərhad Məhərrəmov (MTN Binəqədi Rayon İdarəsinin rəisi), Ədalət Əsədullayev (Əks-kəşfiyyat Baş İdarəsinin rəisi), Pərviz Mahmudov (nazirlikdə idarə rəisi), Aysel Seyidova (nazirlikdə şöbə rəisi).

E.Mahmudovun biznes şəbəkəsi - "AG Bank", "Crystal Plaza" Holdinq, "Crystal Motors", "Anar OİL", "Jaguar Motors", "Range Rover Motors", "Maseratti Motors", "İndigo" MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, "Turac" və "Xankəndi" restoranları, ölkəyə daxil olan brilyant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri;

2. MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarovun qohumları - Rafiq Hümbətov (bacısı oğlu, MTN Xəzər Rayon İdarəsinin rəisi), eləcə də bir neçə digər əməkdaş.

A.Çovdarovun biznes şəbəkəsi - Bakı şəhəri Nərimanov rayonunda Dərnəgül yolunda yerləşən bütün taxta emalı sexləri və oradakı bütün tikinti materialları mağazaları, ölkəyə idxal edilən bütün taxta-şalban biznesinin monopoliyası, Bakı şəhərində çox sayda marşrut avtobusları, apteklər, geyim mağazaları;

3. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəisi general-mayor Əlimusa Əliyevin qohumları - Aqil Məmmədov (kürəkəni, Kəşfiyyat Baş İdarəsinin Avstriya Respublikasında səfir müavini), bir çox rayon rəisləri.

Ə.Əliyevin biznes şəbəkəsi - Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sexləri, fermalar və restoranlar, notarius məntəqələri;

4. MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin qohumları - həmin baş idarədə bir çox müstəntiqlər və bir çox rayon rəisləri.

M.Şıxəliyevin biznes şəbəkəsi - Bakı və Ağsu şəhərlərində iri mağazalar, tikinti şirkətləri.

5. MTN-in Nazir Xidmətinin sabiq rəisi general-mayor Fərhad Vahabovun qohumları - bir neçə rayon rəisi.

F.Vahabovun biznes şəbəkəsi - Bakı və Şabran şəhərlərində iri mağazalar, restoranlar, çin və yapon mətbəxi təqdim edən kafelər, geyim butikləri;

6. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəis müavini polkovnik Tehran Babatovun qohumları - bir neçə rayon rəisi və çox sayda digər əməkdaşlar.

T.Babatovun biznes şəbəkəsi - Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları.