Son xəbər

Prezident İsveçrənin yeni səfirini qəbul edib

613
Prezident İsveçrənin yeni səfirini qəbul edib
Prezident İlham Əliyev oktyabrın 20-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin etimadnaməsini qəbul edib.

Qəbul zamanı Azərbaycanla İsveçrə arasında mövcud olan möhkəm əməkdaşlığın son illər ərzində daha da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələri əhatə etdiyini məmnunluqla diqqətə çatdırdı. Dövlətimizin başçısı İsveçrə prezidentlərinin Azərbaycana, həmçinin özünün İsveçrəyə rəsmi səfərlərinə toxunaraq yüksək səviyyəli qarşılıqlı təmasların və Xarici İşlər nazirlikləri arasında aparılan fəal dialoqun önəmini vurğuladı. İqtisadi sahədə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu sahələrində də yaxşı nəticələrin əldə olunduğunu bildirən Prezident İlham Əliyev bunu ölkələrimiz arasında mövcud olan hərtərəfli əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı hər iki ölkənin Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində də uğurla əməkdaşlıq etdiyini dedi. Ölkələrimizin mövcud qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən Prezident İlham Əliyev qarşıdakı illərdə əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı səfir Filip Ştalderə gələcək fəaliyyətində uğurlar arzuladı, onun ölkəmizdəki fəaliyyətinin ikitərəfli münasibətlərin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını deyən səfir Filip Ştalder nəinki İsveçrə, həmçinin bütün qitə üçün Azərbaycanın əhəmiyyətinin getdikcə artdığını qeyd etdi. Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Filip Ştalder ölkəmizdəki diplomatik fəaliyyəti dövründə qarşılıqlı maraqlara xidmət edəcəyini, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.(AzərTAC)