Son xəbər / İqtisadiyyat

2016-cı ilin dövlət büdcəsi necə olacaq? - Qlobal maliyyə BÖHRANI

2438
2016-cı ilin dövlət büdcəsi necə olacaq? - Qlobal maliyyə BÖHRANI
Azərbaycanın 2015-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 90 dollar həcmində müəyyənləşib.
[b][/b]
Büdcə qəbul olunan zaman dünyada siyasi və iqtisadi konyukturanın şərtləri də dəyişirdi. Belə ki, Rusiya həmin ərəfədə iqtisadi böhranın astanasında idi, milli pul olan rubl kəskin şəkildə devalvasiyaya uğrayırdı.

Bununla belə, neftin dünya bazarlarında qiyməti indikindən yüksək idi ( təxminən 70-75 dollar arasında dəyişirdi).

Neftin qiyməti isə hazırda sürətlə ucuzlaşır. Müxtəlif beynəlxalq mərkəzlər və ekspertlər neftin qiymətinin 75-80 dollar civarında sabitləşəcəyini daha çox vurğulasalar da, proqnozlar reallıqla uzlaşmadı.

Belə ki, indi dünya bazarlarında Brent markalı neftin 1 barelinin dəyəri 44 dollar səviyyəsindədir. Nəzərə alaq ki, Azərbaycanın dövlət büdcəsinin 70-75 faizi neft amili üzərində qurulub.

Üstəgəl, Azərbaycanın 2015-ci il dövlət büdcəsi təsdiqlənəndə Azərbaycan manatının dollar qarşısında məzənnəsi yüksək idi. Mərkəzi Bankın 2015-ci ilin fevral ayında manatın dollara nisbətdə qiymətinin kəskin şəkildə devalvasiyaya uğratması haqqındakı qərarından sonra isə vəziyyət bir qədər də dəyişdi.

Neftdən asılılıq dərəcəsi, manatın bundan sonra da silsilə devalvasiyalara məruz qalacağı haqqında verilən həyəcanlı proqnozlar isə Azərbaycanın 2016-cı il büdcəsinin strukturunun necə olacağı barədə cəmiyyətin, ekspertlərin, siyasi və iqtisadi elitanın maraq dairəsindədir.

Mövzu barədə Modern.az saytına danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanın dövlət büdcəsinin neftdən asılı olduğunu xatırladıb. İqtisadçı deputat bildirib ki, neftin qiyməti nə qədər yüksək olarsa, dövlət büdcəsinə və Dövlət Neft Fonduna gələn gəlirlər bir o qədər çox olar:

“Bu zaman büdcənin xərc hissəsinə baxmaq rahat olar. Müəyyən investisiya və sosial layihələrin həyata keçirilməsində də problemlər olmaz. Hazırda neftin qiyməti orta hesabla 45 dollar səviyyəsindədir. Neftin qiymətinin aşağı olması əlbəttə, Azərbaycanın dövlət büdcəsinə təsir edir”.

Vahid Əhmədovun fikrincə, belə iqtisadi proseslər fonunda 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti ilə bağlı səslənən təkliflər yalnız proqnozdur:

“Maliyyə naziri Samir Şərifov məsləhət görür ki, 2016-cı il büdcəsində neftin qiyməti 50 dollar müəyyənləşsin. Mən də hesab edirəm ki, neftin qiymətini 50 dollar səviyyəsində götürmək olar”.

Komitə üzvü bir çox ölkələrdə (əsasən, Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, İran, Çin) valyutaların kəskin ucuzlaşmasından söz açıb. Bu dövlətlərin Azərbaycanla siyasi-iqtisadi əlaqələri fonunda növbəti ilin dövlət büdcəsinin necə tərtib olunacağı isə aktual məsələdir:

“Biz Çin, Rusiya valyutalarında öz ehtiyatlarımızı saxlayırıq ki, iqtisadi-siyasi əlaqələrimiz bir az da inkişaf etsin. Bu baxımdan dünyada baş verən devalvasiyaların Azərbaycana da təsiri var. Neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Belə davam etsə, ola bilər ki, Azərbaycan manatının məzənnəsində də problemlər yaransın”.

Vahid Əhmədov təklif edib ki, buna görə də manat gec-tez bazarda öz qiymətini tapmalıdır. Buna baxmayaraq, deputat belə fikirdədir ki, hazırkı şərtlər altında manatın devalvasiyasına ehtiyac yoxdur:

“Çünki Azərbaycan dövlətinin və Mərkəzi Bankın ehtiyatları kifayət qədərdir ki, bu ilin axırına qədər manatın qiymətini qoruyub-saxlamaq mümkün olsun. Digər tərəfdən, heç kim, neftin qiyməti ilə bağlı düzgün proqnoz verə bilmir. Azərbaycan hökumətinin imkanları var ki, əldə olan resurslardan istifadə etsin. Amma həqiqətən devalvasiyaya ehtiyac varsa, bu zaman üzən mexanizm işə düşsün və yumşaq devalvasiya olsun. Hesab edirəm ki, Azərbaycan hökuməti yaranan problemləri aradan qaldırmaq üçün ciddi səy göstərir”.

“2016-cı ilin dövlət büdcəsində investisiya və sosial layihələrə ayrılan vəsaitlərin məbləği azala bilərmi” sualına Milli Məclis üzvü belə cavab verib:


“Ola bilər ki, hansısa investisiya layihələri müəyyən müddətə saxlanılsın. Amma dövlət başçısı cənab İlham Əliyevin göstərişləri var ki, bütün sosial layihələr həyata keçirilsin. 2016-cı ilin dövlət büdcəsi üçün əsas məsələ bu layihələrin həyata keçirilməsi yox, büdcənin xərc hissəsinə nəzarət mexanizmini təkmilləşdirməkdir.

Elə bir qanun qəbul etməliyik ki, büdcənin xərc hissəsində ayrılan vəsait təyinatı üzrə, qəpiyinə qədər xərclənsin. Düzdür, Hesablama Palatası müəyyən vaxtlarda yoxlamalar, monitorinqlər aparır.

Maliyyə Nazirliyinin bununla məşğul olan xüsusi departamenti var. Amma bunu daha da sərtləşdirmək lazımdır. Dünyada gedən qlobal maliyyə böhranı şəraitində büdcənin xərc hissəsinə nəzarət mexanizmini daha da təkmilləşdirməyə ehtiyac var”.