Son xəbər / Dünya

“Avropa Oyunları Bakıda kirayə mənzil bazarını canlandırıb” - Ekspert

876
“Avropa Oyunları Bakıda kirayə mənzil bazarını canlandırıb” - Ekspert
“Daşınmaz əmlak bazarı son 10 ilin ən durğun dövrünü yaşayır”. Bunu Modern.az saytına “M.B.A LTD” şirkətinin rəhbəri, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

Mütəxəssis vurğulayıb ki, daşınmaz əmlak bazarında satıcıların sayı 2-3 dəfə, alıcıların sayı isə 6-8 dəfə azalıb: “Bazar həqiqətən də özünün durğunluq dövrünü yaşayır:
“Qiymətlər ilkin mənzil bazarında son ayda 3, 75 faiz artaraq 1106 dollar və ya 1159 manat olub. Lakin bu artım təklif portfelində struktur dəyişikliyinin nəticəsidir. Belə ki, ucuz mənzillərin payı 19, 8 faiz azalıb, əvəzinə bahalı mənzillərin payı artıb.

Təkrar mənzil bazarında isə mənzərə bir az fərqlidir. Qiymətlər 3, 49 faiz azalaraq 1630 dollar və ya 1709 manat/kv.m təşkil edib. İlin əvvəli ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər dollarla ifadədə 23,08 faiz azalıb, manatla ifadədə isə 2,07 faiz artıb”.

O bildirib ki, daşınmaz əmlak bazarının digər seqmentləri ilə müqayisədə torpaq sahələri bazarında nisbi aktivlik hələ də qalmaqdadır: “Bu bazarda qiymətlər nisbətən əlçatandır və bu baxımdan aztəminatlı ailələr torpaq alıb ev tikməyə üstünlük verirlər. Qiymətlər isə ay ərzində 7,77 faiz artaraq bir sot üçün 17310 dollar olub”.

Ekspert tikinti materiallarının qiymətlərində 1,77 faiz azalma olduğunu deyib: “Qiymət azalması əsasən mişar daşı, dik, DSP və metal məmulatlarda müşahidə edilib”.

Nüsrət İbrahimovun sözlərinə görə, kirayə bazarında əvvəlki aylarla müqayisədə aktivlik hiss olunur: “Qiymətlərdə 4,51 faiz artım hesablanıb. Avropa Oyunları ilə əlaqədar evlərini kirayə verənlər qiymətləri artırmağa başlayıb. Güman edirəm ki, bu tədbir yalnız kirayə bazarına müsbət mənada təsir göstərə bilər. Digər seqmentlərdə isə əks-təsir müşahidə edilir”.