Son xəbər / Kriminal

Avtoyuma məntəqəsinin işçisi müştərinin avtomobili ilə qadını vurdu

1008
Avtoyuma məntəqəsinin işçisi müştərinin avtomobili ilə qadını vurdu
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə rayonun Muxax kəndində qeydə alınıb. Rayonun Muxax kənd sakini, 1998-ci il təvəllüdlü İntiqam Zeynullah oğlu Məmmədov idarə etdiyi “VAZ 2106” markalı, 62 BH 975 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən yolun kənarı ilə gedən piyada, Muxax kənd sakini 1967-ci il təvəllüdlü Sevda Məhəmməd qızı Həsənovanı vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevda Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, İntiqam Məmmədov Muxax kəndi ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində işləyir. Qəzanı törədən zaman idarə etdiyi avtomobil də avtoyuma məntəqəsinə yumaq üçün gətirilmiş maşın olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.