Siyasət / Azərbaycan

Bu gün Ordu Günüdür

1224
Bu gün Ordu Günüdür
Bu gün - 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günüdür. Müsəlman Şərqində ilk demokratik dövləti - Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu məhz bu tarixdə - 1918-ci il iyunun 26-da yaradılıb.

1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyənnaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olmuşdu.

1920-ci ilin aprelində Azərbaycanın sovetlər tərəfindən işğalından sonra Milli Ordumuzla bərabər onun yaranma gününün qeyd olunması da ləğv edilsə də, dövlət müstəqilliyimizin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul edib. 1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu.
Mərhum prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır.

MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Bu gün Azərbaycanın hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsini geridə qoyur və ordumuzun maddi-texniki bazası, şəxsi heyətin döyüş ruhu yüksək səviyyədədir. Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə düşmən tapdağındakı torpaqlarımızı azad edəcəyi günün intizarındadır və inşallah, o gün uzaqda deyil.

İlk dəfə Azərbaycan prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Lakin 6 il sonra Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşmüş sayılıb və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.

Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik ünvanlayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, nazir bəyan edib ki, Azərbaycanın əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər: “Bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələri icra edə bilərik. Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir”. Z.Həsənov bildirib ki, xalq öz ordusuna inanır, onun gücünə güvənir: “Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. İnanıram ki, bu sizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır. Əmin olduğumu bildirirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək, bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaqdır. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov öncə Silahlı Qüvvələrin bütün şəxsi heyətini, həm indi xidmət keçən, həm də ehtiyatda olan əsgər, zabit, gizir və generalları təbrik etdi: “26 iyun bizim ordumuzun bayramıdır. Həm xidmətdə olan, həm ehtiyatda olanların bu ordunun qurulmasında bu və ya digər dərəcədə xidmətləri var. Bu gün bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasına nail olmaqdır. Ümid edirik ki, yaxın zamanlarda həmin gün gəlib çatacaq. Son günlərdə alınan silah-sursat, şəxsi heyətin döyüş ruhu, təlimlərdəki əzmkarlıq hər birimizdə bu inamı yaradır. Ötən illər ərzində hər birimizin amalı və arzusu torpaqlarımızı işğaldan azad etmək olub ki, inşallah, buna nail olacağıq. Daxili əminliyim onu deyir ki, bu yaxınlarda yaxşı hadisələrin şahidi olacağıq. Mən gözləyirəm ki, sentyabr ayından etibarən Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsi istiqamətində ciddi addımlar atılacaq”.

Ü.Cəfərov Ermənistanda gərginliklərin yaşandığı bir zamanda ordumuzun öz sözünü deməli olduğu barədə fikirlərə də münasibət bildirdi: “Biz kəmfürsət xalq deyilik ki, Ermənistandakı vəziyyətdən istifadə edək. Ancaq bu hadisələr çoxları üçün dərs olmalıdır. Onlar bilməlidirlər ki, Sərkisyan, Ohanyan və digərləri əkdikləri zəhərli toxumun bəhrəsini görürlər. Azərbaycan həmişə kişiyana mübarizə aparıb. Azərbaycan onsuz da kifayət qədər gücə, insani və hərbi resurslara malikdir ki, Dağlıq Qarabağla bağlə addım atsın. Bizim yeganə istəyimiz budur ki, Ermənistan işğal altındakı ərazilərimizi azad etsin, ona da nail olacağıq”.
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini Ordu Günü münasibətilə ürəkdən təbrik edir və tezliklə qələbə bayrağımızı Şuşamızda ucaltmasını arzulayırıq!