Siyasət / Əsas Xəbər

Zərdüşt Əlizadə Lavrovun dediklərini “tərcümə” etdi: “Ermənilərin könlünü almaq istəyir”

Zərdüşt Əlizadə Lavrovun dediklərini “tərcümə” etdi: “Ermənilərin könlünü almaq istəyir”
Rusiyanın hakim elitasında Qarabağ məsələsi ilə bağlı fikir ayrılığının olması ilə bağlı təzadlı məlumatlar yayılmaqdadır. Qeyri-rəsmi mənbələrdən yayılan məlumatlarda iddia olunur ki, Kremlin Qarabağla bağlı mövqeyi Xarici İşlər naziri Serqey Lavrovun təmsil olunduğu qruplaşmanı qane etmir. Bu səbəbdən də Lavrovun Qarabağda Türkiyə sülhməramlıların olmaması ilə bağlı açıqlama verib. XİN başçısı ilə birlikdə Rusiya xüsusi xidmət orqanları rəhbərlərinin Prezident Vladimir Putin və Müdafiə naziri Serqey Şoyqu arasında yaşanan fikir ayrılığının daha da gərginləşəcəyini proqnozlaşdıranlar da var.

Bəzi siyasi ekspertlər hesab edir ki, hazırda Ermənistanda yaşanan siyasi gərginlik də Rusiya hakimiyyətində yaranmış fikir ayrılığının nəticəsidir.

Bununla bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Rusiyanın hakim elitasında dərin çatların yaranması ilə bağlı deyilənləri ciddi hesab etmir:


"Putin Rusiyada sərt avtoritar rejim qurub. Belə sərt mərkəzləşdirilmiş rejimlərdə Xarici İşlər nazirinin və ya hansısa güc orqanının rəhbərinin dövlət başçısının iradəsinə zidd getməsi sadəcə mümkün deyil. Deyilənlər normal məntiqdən uzaqdır. Qaldı ki, Qarabağ məsələsində Lavrovun verdiyi açıqlamalarda da qeyri-adi bir şey yoxdur. Lavrov sadəcə olaraq imzalanmış son bəyannamədən qəzəblənmiş erməniləri sakitləşdirmək üçün elə danışır. Ermənistanda hakimiyyət dəyişikliyinin də olacağını gözləmirəm. Düzdür, Rusiya prosesin sonunda Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışacaq. Amma Paşinyan hakimiyyəti də zəif deyil. Son iki ildə hakimiyyətini xeyli möhkəmləndirib. Üstəlik Qərb ölkələrinin dəstəyini əldə edib. Ermənistanda başlanan mitinqlər də qarşıdakı günlərdə səngiyəcək. Çünki kütləvi aksiyalara başlayan 17 partiyanın yalnız biri parlamentdə təmsilçilik alıb, qalan partiyalar 5 faizlik baryeri də keçə bilməyib. Erməni cəmiyyəti bu partiyaların rəhbər şəxslərini Paşinyanla müqayisə edəndə yenə üstünlüyü indiki hakimiyyətə verəcək. Çünki Paşinyan onlardan fərqli olaraq xalqın malını daha az talayır. Başqa tərəfdən də Ermənistan və region üçün Paşinyanın hakimiyyətdə qalması daha sərfəlidir..."