Siyasət / Əsas Xəbər

Paşinyan harada yanıldı və yaxud Ermənistanın məğlubiyyətinin səbəbi

Paşinyan harada yanıldı və yaxud Ermənistanın məğlubiyyətinin səbəbi
Azərbaycanın işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsinin azad olunması ilə nəticələnən 44 günlük döyüşlər Ermənistanın hərbi və diplomatik məğlubiyyəti ilə başa çatdı. Belə ki, 30 ilə yaxın müddətdə tərəflər arasındakı danışıqlarda Dağlıq Qarabağın statusu ilə bağlı erməni tərəfinin üstünlüyü 10 noyabr tarixli bəyannamə ilə faktiki olaraq sıradan çıxdı. Amma Ermənistan rəhbərliyi indi-indi xalqına açıqlamalarında məğlubiyyətin səbəblərinin bir qismini etiraf edərək belə təəssürat yaratmaq istəyirlər ki, hərbi əməliyyat sonrası yaranan vəziyyəti əvvəlcədən görürdülər, sadəcə bunu xalqa deməyə cəsarət etməyiblər.

Halbuki, 27 sentyabrdan əvvəl Ermənistan rəsmilərinin açıqlamaları tamam fərqli bir mənzərəni ortaya qoyurdu: Dağlıq Qarabağı müstəqil beynəlxalq subyekt kimi dünya tərəfindən tanınması və s. Həmçinin, ermənilər hərbi əməliyyatlardan əvvəl qəti əmin idilər ki, Azərbaycan Qarabağ cəbhəsində əhəmiyyətli bir uğur qazana bilməyib, real vəziyyətlə barışacaq və bundan sonra Ermənistanın istədiyi "güzəşt”lərə (faktiki olaraq işğal - red) getməyə məcbur qalacaq. Bu səbəbdən də Rusiyanın 5 rayonu Azərbaycana qaytarmaqla sülhməramlıları Qarabağa yerləşdirmək təklifindən fikirləşmədən imtina edirdilər...

Bu ilin iyul ayında Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonundakı hissəsində baş verən təxribat zamanı general Polad Həşimovun şəhid olmasına rəsmi Bakının nisbətən təmkinli münasibəti də Ermənistanı arxayınlaşdırmışdı. Eləcə də 2016-cı ildə baş verən aprel döyüşləri Ermənistanı ruhlandırmışdı. Onlara elə gəlirdi ki, aprel döyüşləri zamanı olduğu kimi Azərbaycan sahib olduğu müasir silahlardan faydalana bilməyəcək və böyük itkilər verərək hərbi əməliyyatları bir neçə günə dayandıracaq. Buna rəğmən, işğalçılar da ordunun təhcizatını xeyli yaxşılaşdırmağı bacarmış və aprel döyüşlərində onları şoka salan dronlara qarşı Rusiya ilə birgə təlimlər keçirmişdilər. Amma bu dəfə ermənilər yanıldılar, çünki qarşılarında müasir silahlarla silahlanmış peşəkar bir ordu dayanmışdı.

Sentyabrın 27-sindən noyabrın 9-na qədər davam edən döyüşlər zamanı erməni tərəfinin açıqlamalarından da görünürdü ki, onlar döyüşlərin azərbaycanlı zabitlər tərəfindən idarə olunmasına inana bilmirdilər.

Bəs Azərbaycan ordusunun qarşısıalınmaz olmasının səbəbi nə idi?

İlk növbədə onu demək lazımdır ki, rəsmi Bakının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ordusu müxtəlif ölkələrin istehsalı olan ən müasir silahlarla təhciz olunmuş və onları istifadə edə bilən kadrları hazırlaya bilmişdi.

Ən başlıcası isə aprel döyüşləri zamanı Azərbaycan ordusunu irəli aparan yüksək rütbəli zabitlər daha peşəkarları ilə əvəz olunmuşdu. Ən müasir döyüş texnologiyalarından istifadə edən azərbaycanlı generallar erməniləri döyüşlərin ilk günlərində aldada bilmişdilər. Obrazlı ifadə etsək, ordumuz ermənilərə "sağ göstərib, soldan zərbələr vururdu”. Ermənistanın ən elit qoşun növlərinin məhz belə manevrlər nəticəsində məhv edilməsi və yüzlərlə texnikasını itirməsi düşməni şoka salmışdı. Ardıcıl məğlubiyyətlər və Azərbaycan ordusunun döyüş ruhunun günbəgün artması ermənilərin panikaya düşməsinə səbəb oldu. Təsadüfi deyil ki, qondarma rejimin "prezidenti" Hadrut qəsəbəsinin azad olunması ilə bağlı açıqlamasında 10 Azərbaycan əsgəri qarşısında 1500 erməni əsgərinin qaçdığını etiraf etmişdi. Şuşa şəhərinin azad olunması isə Ermənistanın hərbi və siyasi rəhbərliyinin dirənişinin qırılma nöqtəsi oldu. Məhz bundan sonra Ermənistanın Azərbaycanın əksər şərtlərini qəbul etməsi fonunda 3 tərəfli bəyannamə imzalandı...