Siyasət / Əsas Xəbər

Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı Dövlət Komissiyası yaradıldı

Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı Dövlət Komissiyası yaradıldı
Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı Dövlət Komissiyası yaradıldı
Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

LIDERINFO.AZ-n xəbər verir ki, Sərəncamda 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qətiyyətli əks-hücum əməliyyatlarına başladığı və bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad etdiyi qeyd olunur. Vurğulanır ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçib, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.