Siyasət

Azərbaycanın hüquq müdafiəçiləri erməni vəhşiliklərini ittiham etməyə çağırırlar

454
Azərbaycanın hüquq müdafiəçiləri erməni vəhşiliklərini ittiham etməyə çağırırlar
Azərbaycanın hüquq müdafiəçiləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıblar

Bəyanatda deyilir:

“2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun çoxsaylı mülki əhalinin yaşadığı Alxanlı kəndi məqsədyönlü şəkildə və qəsdən minaatanlardan və qumbaraatanlardan atəşə tutulmuşdur. Nəticədə 1 yaş 5 aylıq uşaq Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyeva qətlə yetirilmişdir. Daha bir mülki şəxs, 52 yaşlı qadın Səlminaz Quliyeva ağır yaralanmışdır.

Biz Azərbaycan hüquq müdafiəçiləri bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır.

1988-ci ildən bəri Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal etmiş, nəticədə 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 5 min nəfərdən çox insan isə əsir və itkin düşmüşdür. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da, bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olmuşdur.

Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.

Buna görə də biz beynəlxalq birliyi, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq”.