Siyasət / Son xəbər

`Emin Hüseynov kimdir axı...?` - Bahar Muradova

1764
`Emin Hüseynov kimdir axı...?` - Bahar Muradova
“Emin Hüseynovun Bakıda sığındığı İsveçrə səfirliyini tərk etməsi Azərbaycanla bu ölkə arasında fikir ayrılığının yaranmasına səbəb ola bilməz”.

Bunu açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaq və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynovun ölkəni tərk etməsinə münasibət bildirərkən deyib.

Vitse-spiker qeyd edib ki, Emin Hüseynov məsələsi hər iki dövlət arasında strateji müttəfiqliyə xələl gətirə bilməz: “Emin Hüseynovun bir müddət öncə səfirliyə sığınması Avropa dövlətləri arasında öz mövqeyi olan və müstəqil siyasət yeridən İsveçrə ilə Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi güdürdü. Amma onlar bu məsələdə də yanıldılar. Çünki istər Avropada, istərsə də Azərbaycanda hər hansı bir şəxsin dövlətimizə qarşı müəyyən fəaliyyət həyata keçirməsi hər iki ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirə bilməz. Azərbaycan qüdrətli bir dövlətdir. Möhtəşəm bir siyasət həyata keçirir. Bütün bunların qarşısında Emin Hüseynov çox cılız görünür. O, Azərbaycan üçün kimdir ki?

Emin Hüseynov kimilərinin harada yaşamaları və fəaliyyət göstərmələri belə əhəmiyyət kəsb edirsə, qoy, həmin ölkə özü bu işlə məşğul olsun. Çünki bu məsələ onlara da xeyir gətirməyəcək”.

B.Muradova Emin Hüseynov mövzusunun Azərbaycan üçün bağlandığını deyib.

“Bu günə qədər Emin Hüseynovun səfirlikdə gizlənməsi onların öz işinə əngəl törədirdi. Müəyyən mənada səfirliyin özü narahatlıqlarla üz-üzə qalırdı. Bu fəaliyyəti həyata keçirməklə onlar öz narahatlıqlarına son verəcəklərini düşünürdülər”.
Xatırladaq ki, Emin Hüseynov Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin müşayiəti ilə Azərbaycanı tərk edib. O, uzun müddət idi ki, İsveçrənin Bakıdakı səfirliyində gizlənirdi.