Siyasət / Son xəbər

Bakı Berlini dostluğu qorumağa səslədi

670
Bakı Berlini dostluğu qorumağa səslədi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi iyunun 12-də Almaniya Bundestaqında CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) və SPD (Sosial Demokratlar Partiyası) fraksiyalarının irəli sürdüyü “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamənin qəbulu ilə bağlı açıqlama yayıb.

Liderinfo.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, Azərbaycanın Almaniyadakı səfirliyi artıq bu məsələ ilə əlaqədar mövqe bildirib. Bir daha qeyd etmək istərdik ki, belə bir qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir. Azərbaycan Respublikasında heç bir şəxs öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır.

Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, Ermənistanın apardığı etnik təmizləmə nəticəsində zəbt olunmuş ərazilərdən, həmçinin Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd edilsə də, təəssüflə bildirmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur.