Siyasət

Prezident 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

578
Prezident 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Sloveniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçinin etimadnaməsini qəbul edib

Liderinfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Sloveniyanın müxtəlif sahələrdə yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında qarşılıqlı siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Ölkə iqtisadiyyatının müxtəlif sektorlarında çalışan Sloveniya şirkətlərinin və Sloveniyada çalışan Azərbaycan şirkətlərinin işindən danışan dövlət başçısı onların fəaliyyətlərinin daha da genişləndirilməsi üçün səmərəli əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini bildirib. Səfir İqor Yukiçin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona işində müvəffəqiyyətlər arzulayıb.

Ölkələr arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri İqor Yukiç əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Diplomat hər iki ölkənin biznes nümayəndələrinin gələcəkdə də əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Sloveniyalı səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələr arasına ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.
Prezident İlham Əliyev bu gün eləcə də, İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib.

Səfir İnqrid Tersman fəxri qarovul dəstəsinin qarşısından keçib. İnqrid Tersman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etdi və bunun üçün yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, bu sahədə yeni imkanların araşdırılmasının önəmini də vurğulayıb.. Azərbaycanın yerləşdiyi regionda müəyyən iqtisadi çətinliklərin, eləcə də Avropada bəzi problemlərin müşahidə olunduğunu qeyd edən dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin regional əməkdaşlığın gücləndirilməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ikitərəfli münasibətlərimizin gündəliyində saxlanmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir İnqrid Tersman İsveçin Kralı Əlahəzrət XVI Karl Qustavın salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə mövcud dialoqu genişləndirmək niyyətində olduğunu dedi. İnqrid Tersman ölkələrimizin regional inkişaf və təhlükəsizlik, miqrasiya və mədəniyyət, o cümlədən beynəlxalq məsələlərlə yanaşı, bir çox sahələrdə də ümumi mövqeyə malik olduğunu qeyd etdi. İqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən səfir bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. İnqrid Tersman ölkələr arasında ikitərəfli əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsində xüsusi rol oynadığını deyib. Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Kral Əlahəzrət XVI Karl Qustavın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İsveçin Kralına çatdırmağı xahiş edib.