Siyasət / İqtisadiyyat

Azərbaycan İndoneziya ilə birgə bəyannamə imzaladı

704
Azərbaycan İndoneziya ilə birgə bəyannamə imzaladı
Energetika Nazirliyində İndoneziyanın energetika və mineral sərvətlər naziri Sudirman Səidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən Liderinfo.az-a verilən məlumata görə, indoneziyalı nazir Azərbaycanla İndoneziya arasındakı münasibətlərin inkişafından danışıb. Azərbaycanın enerji resurslarından istifadə ilə bağlı ölkəsinin maraqlarından, bu sahədə rəsmi Bakı ilə birbaşa əlaqələrin yaradılmasının önəmindən bəhs edib.

Onun sözlərinə görə, İndoneziyada neft hasil edilsə də, hasilatın həcmi ölkənin daxili ehtiyaclarını ödəmək güçündə deyil. Ona görə də İndoneziya enerji təhlükəsizliyini təmin etmək məqsədilə digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verir. Azərbaycan da bu istiqamətdə mühüm ölkələrdən biridir.

İndoneziya ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli əlaqələrinin inkişafının qənaətbəxş səviyyədə olduğunu deyən energetika naziri Natiq Əliyev isə bildirib ki, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar var. Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin həcmi 3,4 mlrd dollardır. Ötən il Azərbaycanda istehsal olunan xam neft və neft məhsullarının 2 milyon tonu İndoneziyaya ixrac olunub. Nazir diqqətə çatdırıb ki, Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsi var və İndoneziya bu təcrübədən bəhrələnə bilər. Azərbaycan İndoneziyanın neft sektorunda investor kimi də çıxış etməyi planlaşdırır.

Natiq Əliyev bu ilin sentyabrında “Əsrin müqaviləsi”nin növbəti ildönümü ilə bağlı keçiriləcək tədbirə ölkələrimiz arasında enerji sahəsində nəzərdə tutulan planların müzakirəsi məqsədilə indoneziyalı naziri də dəvət edib.

Sonda Birgə Bəyannamə imzalanıb.