Siyasət / İqtisadiyyat

DEPUTATIN BİZNES GİZLİNLƏRİ

1131
DEPUTATIN BİZNES GİZLİNLƏRİ
BÜDCƏNİN YARISINI AĞALAR VƏLİYEVİN ŞİRKƏTİ XƏRCLƏYİR

Bu gün ölkədə təmir-tikinti işlərinə dövlət büdcəsindən böyük həcmdə vəsait ayırılır. Həmin layihələrin həyata keçirilməsində mövcud olan qeyri-şəffaflıq mətbuatın araşdırdığı mövzulardan sayılır. Tenderlərin necə keçirilməsi, podratçı şirkətlərin seçimi, layihələrin real smeta dəyəri barədə ictimaiyyət tam şəkildə məlumatsızdır. Korrupsiya, tenderlərin formal keçirilməsi ilə bağlı dəfələrlə faktlar göstərilsə də, hökumət bu cinayətlərin üstündən sükutla keçir.

Məsələn, iri təmir-tikinti layihələrinin həvalə olunduğu şirkətlərdən biri »Azəraqrartikinti» Səhmdar Cəmiyyətidir. Əsasən, dövlət binalarının təmiri və yenidən qurulması ilə məşğul olan bu şirkətin hansı uğurlarına görə dövlət qurumları layihələrini ona etibar edir?

Deputatın tikinti biznesi

Qeyd edək ki, şirkətin rəhbəri YAP-ın deputatı Ağalar Vəliyevdir. Onun hakimiyyətdəki oliaqrxlardan birinə yaxın olduğu bildirilir. Ağalar Vəliyev 1996-cı ilin 19 iyununda mərhum prezident Heydər Əliyev tərəfindən »Azəraqrartikinti» Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli »Azəraqrartikinti» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır.

2006-ci ildən dövlət investisiyalarını həcmi artıqca, onun bölüşdürülməsində hökumət »sağ əli» kimi ona etibar etməyə başlayır. Prezident İlham Əliyevin göstərişi ilə »Azəraqrartikinti» SC-yə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması həvalə edilib. Tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə »Əməkdar mühəndisi» fəxri adına layiq görülüb.

»Azəraqrartikinti» SC gördüyü işlər

Qeyd edək ki, Bakıda binaların üzlüyünün dəyişdirilməsi, divarın qaşınması, inzibati binaların tikintisi və təmirinin 80-90 faizi məhz bu şirkətə həvalə edilir. Məsələn, hökumət Evinin və Milli Məclisin binasının təmiri, əlavə 13 mərtəbəli yeni korpusun tikintisini Ağalar müəlimin şirkəti həyata keçirib. Parlamentin binası üçün »Azəraqrotikinti»nin büdcədən aldığı 34 milyon manatın təxminən yarısına Gürcüstan hökuməti Rustavidə yeni parlament binası inşa edib.

Son investiya xərcləri içərisində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının tikintisi, Azərbaycan Tarixi Muzeyinin binasının yenidənqurulması, Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, Kimya Problemləri İnstitutunun, AMEA-ın mərkəzi binasının əsaslı təmiri-yenudənqurma işlərinin görülməsi »Azəraqrartikinti»yə həvalə edilib. Təhsil Nazirliyinin Neftçala rayon şöbəsinin binasının əsaslı təmiri , Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə Gəncə şəhərinin su təchizatı üçün magistral su boru xəttinin tikintisi də A.Vəliyevə etibar edilib.

7 milyonluq kəsir

Tender.gov.az saytında yerləşdirilən məlumata görə, yuxarıda adlarını çəkdiyimiz layihələr ümumilikdə 24 milyon manat vəsait ayrılıb. Onun 16,3 milyon manatının AMEA mərəkzi binasının, adlarını çəkdiyimiz institutların və elmi kitabxananın tikinti-təmirinə sərf edilib. Lakin büdcənin investiya xərclərində bu rəqəmlər, bir qədər fərqlidir. Belə ki, Nazirlər Kabinetinin təsdiq etidiyi investisiya layihələrində AMEA-nın və sözügedən institutların və kitabxanasının tikinti-təmir işlərinə 23,9 milyon manat ayrıldığı göstərilir. Göründüyü kimi, təsdiq edilən invetisiya büdcəsindən »Azəraqrartikinti»yə yönəldilən vəsait arasında 7,6 milyon manat həcmində kəsir var. Məsələn, AMEA-nın Hüseyn Cavid prospektindəki əsas inzibati binasının yenidənqurulmasına büdcədə 19 milyon manat xərcləndiyini göstərsə də, tender.gov.az saytında podratçı şirkətə cəmi 4,3 milyon manat çatdığı təqdim edilir.

Ekspertlər bildirir ki, belə fərqin yaranmasında əsas səbəblərdən biri Nazirlər Kabineti əksər vaxtlar layihələrin smetasınlda dəyişiklik edərək, birində azaldıb digərinə yönəltməsidir. Həmçinin dövlət büdcəsinə bir sıra avadanlıqların alınması üçün podratçı şirkətlərə ayrılan vəsaitlərin də ora salındığı bildirilir. Amma hər iki siyahıda »AMEA-nfn H.Cavid prospekti, 31 ünvanda yerləşən əsas binasında təmiri -yenudənqurma işləri» adlı bölmə ilə göstərilir. Yəni hər hansı bir avadanlıqdan söhbət getmir. Eyni adlı bölmələrdə isə layihənin smetası fərqli-fərqli dəyərləndirilib.

Parlament üzvü korrupsiya prosesində

Onu da qeyd edək ki, bu təkcə bir investisiya layihsəində meydana çıxan rəqəm deyil. Demək olar ki, büdcədən ayrılan əksər invetisiya layihələrində belə hallar var. Burada 2 məqamı bir-birindən ayrımaq lazımdır. Birincisi, hələ layihə halında invetisiya layihələrinin ilkin qiymətləndirilməsi və korrupsiya riskləri. İkincisi, layihə başlanandan sonra icrası zamanı layihələrin qiymətlərindəki texniki-iqtisadi parametrlərin dəyişdirilməsi. Hər iki halda korrupsiya halqası yaranmış olur.

Tenderlərin şəffaflığı ilə bağlı problemlərin olması indinin yox, uzun illərin problemidir. Əgər tenderlər şəffaf seçilirsə, onda niyə həmin investisiya layihələri üzrə qalib şirkətlər eyni şirkələrdir? Yaxud müsabiqələr şəffaf keçirilirsə, onda niyə məmurlara və yüksək dairələrə yaxın şirkətlər birmənalı udur. Onun cavabı hamıya əslində məlumdur. Həm də məlum olan ali qanunverici orqanını üzvlərindən birinin bu korrupsiya halqasının əsas iştirakçılarından olmasıdır.
Liderinfo.az