Redaksiya seçimi / Maraq

Fikrət Fəraməzoğlunu həbs etdirmək istəyirlər

1656
Fikrət Fəraməzoğlunu həbs etdirmək istəyirlər
Əflatun Amaşovun ağılıyla oturub-duran Rafil Hüseynov məhkəməyə müraciət edib

Masallının icra başçısı Rafil Hüseynov yerli məhkəməyə müraciət edərək, «şərəf və ləyaqətin» müdafiəsi zəmnində JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlunun həbsini istəyir. Bu barədə saytımıza baş redaktorun özü məlumat verib.

O bildirib ki, iyunun 11-nə təyin olunan məhkəmə hazırlıq iclası barədə xəbər ona iyunun 12-də çatıb. Belə ki, Masallı rayon Məhkəməsindən ona göndərilmiş məktub iyunun 12-də ünvana çatdırılıb və bu səbəbdən də hazırlıq iclasında iştirak edə bilməyib.

Fəraməzoğlu bildirib ki, onun həbsi tələbi ilə məhkəməyə müraciət edən Rafil Hüseynovun əsas iddiası budur ki, guya, baş redaktor onu rüşvət almaqda ittiham edib. «Özü də bu məhkəmə prosesi martın 18-də yazdığım «Nə gündəsən, Amaşov» başlıqlı yazımdan götürülmüş bir cümlə üzrə keçiriləcək. Həmin yazımda qeyd etmişdim ki, bir xeyli əvvəl Mətbuat Şurası Masallı İcra Hakimiyyətinin müraciəti əsasında JAM.AZ-a bağlı məsələyə baxarkən qeyri-peşəkarlıqla yanaşı, həm də qərəzli qərar çıxarmışdı. Sonradan məlum oldu ki, İcra Hakimiyyəti rəhbəri olduğum sayta xəbərdarlıq etmək üçün Əflatun Amaşovla anlaşıb və ona 2000 dollar pul verib. Bu məlumatı da havadan yazmamışdım və əlimdə tutarlı bilgilər var idi. Eyni zamanda, bu bilgilər də heç də kənardan deyil, elə Masallı İcra Hakimiyyətindən verilmişdi».

JAM.AZ-ın baş redaktoru qeyd edir ki, Rafil Hüseynovla ilk məhkəmə çəkişməsi içində deyillər. Onun sözlərinə görə, bir müddət əvvəl də Masallı Məhkəməsi tərəfindən onun iştirakı olmadan proses keçirilib. Həmin prosesdə Rafil Hüseynov Fikrət Fəraməzoğlundan 30 min manat təzminat tələb etsə də, hakim Nemət Əliyev bu rəqəmi 5000 manatla əvəzləyib. «Məsələyə Şirvan Apellyasiya Məhkəməsində baxıldı və qərar qüvvədə saxlanıldı. Hazırda Ali Məhkəməyə müraciət etmək üçün hazırlaşıram. Və bunun ardından mənim həbsimlə bağlı məhkəməyə müraciətin edilməsi artıq qərəzçilikdir. Üstəlik, bu tək Rafil Hüseynovun ağlının məhsulu deyil. Tam əminliklə deyirəm ki, Rafil Hüseynov bu addımı Mətbuat Şurasının sədri Əflatun Amaşovun yönləndirməsi əsasında atıb. Çünki Amaşov onun haqqında yazdığım yazılardan həddindən artıq rəncidə olub və kin-küdurətini saxlaya bilmir. Bir qədər əvvəl mənimlə bağlı Baş Prokurorluğa müraciət etmişdi. Orada general Rüstəm Usubovla görüşdüm və sözümü dedim. Bildirdim ki, Əflatun Amaşovun himayə etdiyi obyektlərdən yazdığım üçün çağırıldığımın fərqindəyəm və bu məsələdə geri çəkilmək fikrində deyiləm. Üstəlik, Mətbuat Şurası adlı bir qurumun mənimlə bağlı hər hansı bir qərar çıxarmaq səlahiyyət və hüququ yoxdur. Görünür, Amaşov düşünürmüş ki, prokurorluğun əliylə məni susdura biləcək. İndi alınmadığından başqa yollarla həbsimi reallaşdırmağa çalışır. Bu dəfə də Rafil Hüseynovun başını bişirərək, onun əliylə qisasını almaq istəyir».

Baş redaktor qeyd edib ki, Əflatun Amaşovun oyununa gedən Rafil Hüseynovun məhkəmə iddiasında heç bir əsas yoxdur. «Əvvəla mən yazıda Rafili rüşvətxor adlandırmamışam. İkincisi, icra başçısı iddianaməsində yazıb ki, məqalədə onun işgüzar nüfuzuna xələl gəlib. Əcəba, icra başçısı dövlət məmurudur, yoxsa, biznesmen? Dövlət məmurunun işgüzar nüfuzu olmur. Bu sahibkarlıqla məşğul olanlara aiddir. Görünür, Rafil Hüseynov özünü icra başçısı deyil, elə biznesmen zənn edir. Hər nə qədər olmasa da, Masallının icra başçısının rayonda nə işlə məşğul olduğunu bilməyən yoxdur. Elə rayonun 120-dən artıq ziyalısının yaydığı müraciətdən də aydın görünür ki, onun haqqında yazdıqlarımızda zərrə qədər də olsun qərəz mövcud deyil».

Fikrət Fəraməzoğlu sonda onu da vurğulayıb ki, həbsi məsələsindən qətiyyən qorxmur. Və Azərbaycan reallıqları fonunda bir baş redaktorun zindana salınmasının da qəribə hadisə olmadığının fərqindədir. «Bu ölkədə həqiqəti yazanları həbs etdirmək elə də dəhşətli olay sayılmır. İndiyə qədər onlarla jurnalist həbsə düşüb və bu gün də həbs cəzası çəkənləri var. Ona görə də, qəti narazat deyiləm. Biz jurnalistikaya gələndə zatən bütün bu risqlərin fərqindəydik. Amma bu heç də o demək deyil ki, mübarizədən kənara çəkiləcəyik. Qətiyyən. Mütəmadi olaraq qanunsuzluqlarla məşğul olan, dövlət əmlakını talayan məmurlar və onların Amaşov kimi dəstəkçiləri barədə geniş məlumat verəcəyik. Əgər Rafil Hüseynov və Əflatun Amaşov zənn edirlərsə ki, məni həbs etdirməklə tənqidlər dayanacaq, yanalırlar. Mən jurnalistikadakı adamlardan biriyəm. Bu ölkədə yetərli qədər cəsarətli media nümayəndələri var ki, onlar prosesi davam etdirəcəklər».