Redaksiya seçimi / Əsas Xəbər

Gəncə Təhsil Şöbəsinin müdiri direktorlardan icra başçısı üçün min manat pul yığır- Araşdırma

3847
Gəncə Təhsil Şöbəsinin müdiri direktorlardan icra başçısı üçün min manat pul yığır- Araşdırma
Gəncə Təhsil Şöbəsinin müdiri direktorlara "taska" qoyub - Min manat verilməlidir başçıya Gəncə şəhərində təhsilin səviyyəsi acınacaqlı vəziyyətdədir

Ümumilikdə götürəndə rayonun təhsili müasir standartlara cavab vermir". Bu sətirlər redaksiyamıza müraciət edən bir qrup şəhər ziyalısının məktubundandır. Məktub müəlliflərinin bildirdiyinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu və digər dövlət əhəmiyyətli tədbirlərdə çıxış edərkən, şəhərin gündən-günə inkişaf etdiyini bildirsə də, bu, reallığı əks etdirmir.

Şikayətçilər qeyd edirlər ki, hazırda şəhər təhsilinə rəhbərlik edən şəxs, yəni Gəncə şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov müxtəlif yollardan istifadə edərək, məktəblərdən pul yığır: "Artıq bu, şəhər məktəbləri, təhsil ocaqları üçün adi hala çevrilib. Təhsil şöbəsinin müdiri məktəb direktorlarından 1000 manat, bəzi hallarda 1000-1500 manat arası pul yığır. Qeyd edək ki, bu gün Gəncədə 40-dan məktəb fəaliyyət göstərir. İndi özünüz fikirləşin görün, Zakir Hüseynov nə qədər əlavə gəlir əldə edir. Ən qəribəsi də odur ki, təhsil şöbəsinin müdiri pulun yığılması üçün qəribə bəhanələr gətirir. Gah deyir ki, Təhsil Nazirliyindən ondan pul tələb edirlər və bu səbəbdən də o, məcbur olub pul yığır. Gah deyir ki, yığılmış pullar Gəncədə təhsilin səviyyəsinin inkişafına sərf olunacaq, gah da yığılmış pulun böyük hissəsinin icra başçısı Elmar Vəliyevə çatacağını qeyd edir. Son vaxtlar isə heç bir izahat vermədən deyir ki, ayın başı 1000 manat pul gətirməlisiniz, vəssalam. Bir sözlə, icra başçısına çatacaq 1000 manat pulun "yay pulu" məqsədi ilə yığıldığını deyir".
Gəncədə təhsilin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü deyən şəhər sakinlərinin sözlərinə görə, bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri bunun bariz sübutudur. Belə ki, bu il Gəncə şəhərindən olan abituriyentlərin çox az bir hissəsi ali məktəb tələbəsi adını qazanıb: "Gəncənin məktəblərində şagirdlərə geyimlər, jurnallar, qiymət kitabçaları məcbur olaraq satılır, təhsil müəssisələrinin təmiri üçün pullar yığılır. Gəncədə kifayət qədər dərsdən, tədris və təlim-tərbiyə işlərindən uzaq düşüb kommersiya fəaliyyətinə cəlb olunan müəllim və şagirdlər var. Amma buna baxmayaraq, hələ də şəhər rəhbərliyi səviyyəsində məsələyə müdaxilə edən və Zakir Hüseynov barədə ölçü götürən yoxdur".

Şikayətçiləri narahat edən digər bir məsələ isə Gəncə şəhər 26 saylı orta məktəbin direktoru, daha dəqiq desək, Təhsil Şöbəsinin müdirinin qaynı Valeh Rüstəmov qanundan kənar əməllərilə bağlıdır. Məktəb direktorunun özünü təhsil şöbəsinin müdiri və şəriksiz sahibi kimi apardığını deyən sakinlərin bildirdiyinə görə, müəllimlərin böyük əksəriyyətinin Valeh Rüstəmovdan narazı olmasına baxmayaraq, direktorla bağlı heç bir ciddi tədbir görülmür. Ötən gün məktəbin müəllimlərinə bir-bir zəng edərək, onların hərəsindən 200 manat pul istəyib. Zeng edərək bildirib ki, verəcəyiniz pullar başçıya çatacaq və Zakir Hüseynovun xüsusi göstərişidir. Şikayətçilər qeyd edirlər ki, direktorun bu addımı artıq onları boğaza yığıb. Neçə ildir ki, Valeh Rüstəmovun əlindən cana doymuşuq. İcra başçısının müəllimlərin əmək haqqlarına göz tikməsi nə dərəcədə doğrudur? Yay pulu adı altında yığılan pullar həqiqətənmi Elmar Vəliyevə çatır? Bu suallar qarşısında aciz qalmışıq müəllimlər deyir.

Bizi düşündürən başqa bir məsələ isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin heç nə olmamış kimi, təhsil müəssisələrində baş verənlərə və Zakir Hüseynovun əməllərinə laqeyd yanaşmasıdır. O, icra başçısı kimi bir dəfə də olsun məktəb müəllimləri ilə görüş keçirməyib, bizim problemlərimizlə maraqlanmayıb. Görünür, başı daha mühim işlərə qarışıb. Ona görə də vəzifə borcuna səhlənkar yanaşır. Odur ki, sizin vasitənizlə aidiyyatı orqanlara müraciət edir və onlardan xahiş edirik ki, Gəncə şəhərindəki vəziyyətlə bağlı müvafiq tədbirlərin görülməsinə və icra başçısının, təhsil şöbəsi müdirinin, Valeh Rüstəmovun əməllərinə hüquqi qiymətin verilməsinə şərait yaratsınlar".

Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, bütün cəhdlərimiz boşa çıxdı. Çünki telefonlar susurdu.