Maraq / Araşdırma

Bugünkü toyun yeməyini növbəti toyda süfrəyə verirlər - PROBLEM

870
Bugünkü toyun yeməyini növbəti toyda süfrəyə verirlər - PROBLEM
Bu gün payatxda fəaliyyət göstərən restoran və şadlıq evlərində vəziyyət heç də qənaətbəxş deyil.

Demək olar ki, vətəndaşlardan aldıqları pul göstərdikləri xidmətə uyğun deyil. Bizə verilən məlumata görə, "Sevən ürək_Tural" şadlıq evində vəziyyət həddindən artıq bərbaddır. Restoranın mətbəxində antisanitariya hökm sürür. Xoşagəlməz iydən restoranın mətbəxinə daxil olmaq mümkün deyil. Bizə verilən məlumata görə, sözügedən restoranda yeməklər keyfiyyətsiz və mənşəyi bəlli olmayan ərzaqlardan hazırlanır.

Hələ üstəlik bugünkü toyun xörəklərini, salatlarını soyuducuda saxlayıb növbəti toyda verirlər. Hətta aşı soyuducuda saxlayıb növbəti gün isidib süfrəyə gətirirlər. Deyilənə görə, köhnə aşdan xan aşı hazırlanıb gəlinlə bəyin süfrəsinə gətirirlər. Adının çəkilməsini istəməyən xanım vaxtilə həmin şadlıq evində bir neçə gün çalışan şəxs olub. Həmin şəxs bu şərtlər altında orada işləyə bilməyəcəyini görüb və işdən çıxıb. Təəssüf ki, insanlar restoranla maraqlandıqda onun dekorasiyasıyla daha çox maraqlanırlar. İnsanları ən çox düşündürən məqam restoranın bər-bəzəkli olması, toyda kimlərin oxuması və toyun çəkilişidir. Lakin yemək məsələsinə gəldikdə isə demək olar əksər müştərilər restoranın mətbəxindəki vəziyyətlə maraqlanmır. Bir dəfə mətbəxə girsələr və oradakı vəziyyətlə tanış olsalar, bəlkə də həmin restoranları seçməzlər. Lakin əksəriyyət bunu etmir. Nəticədə də xoşagəlməz hallarla qarşılaşırlar. Buna tələb olmadığına görə də restoran sahibləri bu işə qarşı məsuliyyətsiz yanaşırlar. Əgər müştərilərin tələbi olarsa, restoran sahibləri də bu işdə məsuliyyətli olar. Gördükləri işdə nöqsanlara yol verməzlər. Sanitariya qaydalarına əməl edərlər. Nəticədə də insanların səhhətində problemlər yaranmaz. Təəssüf ki, restoran və şadlıq evlərinin əksəriyyətində sanitar norma və qaydalara lazımi səviyyədə riayət olunmur. Mətbəxdə işçi personal papaq, xalat və əlcəklər olmadan işləyir, işçilərin vəzifə, hüquq və məsuliyyətini əks etdirən təsdiq olunmuş vəzifə təlimatları mövcud deyil. Restoran və şadlıq evlərinin əksəriyyətində zəruri olan normativ sənədlər, xidmət göstərən işçilərin tibbi kartları yoxdur. Bundan başqa gigiyenik cəhətdən məhsullar düzgün saxlanılmır.

Bundan başqa vaxtı ötmüş ərzaq məhsullarından, köhnəlmiş içkilərdən bol-bol istifadə olunur. Sözsüz ki, bunların sonu heç də yaxşı hadisə ilə nəticələnmir. Bu insanların səhhətində problemlər yaradır. Belə ki, zəhərlənmə halları daha çox olur. Xüsusilə də yay aylarında zəhərlənmə halları daha çox meydana gəlir. Kütləvi zəhərlənmələri xüsusi olaraq qeyd etmək olar. Nəzərə alsaq ki, ərzaqlar qış aylarıyla müqayisədə yay aylarında daha çox xarab olur. Ona görə də restoran seçərkən mətbəx hissəsinə xüsusi diqqət ayırmaq lazımdır. Bu gün mağazalarda da ərzaq məhsullarının, suların saxlanılması məsələsinə xüsusi önəm vermirlər. Günlərlə günün altında qalan məhsulları alıb süfrələrə gətirirlər. Hətta onu da qeyd edək ki, istər mağazalarda olsun, istər restoran və kafelərdə soyuducudan az istifadə olunur. Tez xarab olan ərzaq məhsulları soyuducuda saxlanılmalı olduğu halda bunu etmirlər. Bu da insan orqanizmi üçün böyük fəsadlar törədir.

Orada yemək hazırlayan aşpazların əksəriyyətinin aşpazlıq ixtisası üzrə heç bir təhsilləri olmur. Aşpazlıq sənəti ilə bağlı heç bir bilgisi olmayan və özünü aşpaz adlandıran hər kəsi restoran və şadlıq saraylarına işə götürürlər. Onların çoxu hazırladıqları yeməkləri öz fantaziyalarına uyğun olaraq hazırlayır. Lakin elə ərzaqlar var ki, onların bir yerdə qarışdırılaraq hazırlanması insan orqanizminə ziyandır. Bu sonradan insan səhhətinə öz mənfi təsirini göstərir.

Əldə etdiyimiz məlumata görə, əksər restoran və şadlıq evlərinin zirzəmisində süfrəyə qoymaq üçün sərinləşdirici və spirtli içkilər hazırlanır. Bunların isə hansı şəraitdə və necə hazırlanması məlum deyil. Ona görə də bu gün restoranların əksəriyyətin də bazarda görmədiyimiz içkilərlə rastlaşırıq.

Bir sözlə, bu gün çox təəssüf ki, restoran və şadlıq saraylarına nəzarət yox səviyyəsindədir. Ona görə də restoran və şadlıq saraylarında qanunsuzluq hökm sürür.