Ana səhifə

Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşlarından özbaşınalıq

3542
Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşlarından özbaşınalıq
Ucar sakinini Samir Həmidov: «Onlar evimə gəlib qaz sayğacının plombunu qıraraq, cərimə yazıblar»

«"Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşları və onların tabeçiliklərində olan Ucar Xidmət Sahəsinin əməkdaşları heç bir qanunu əsas olmadan mənim yaşadığım evə basqın edib, qaz sayğacımızın rlombunu qəsdən qıraraq, mənə qanunsuz olaraq cərimə tədbiq ediblər». Bu barədə məlumatı Liderinfo.az-a Ucar rayonunun Gəraybəyli kəndində yaşayan Samir Həmidov verib.

O bildirib ki, üzləşdiyi saxtakarlıqdan, özbaşınalıqlardan rayon sakinləri bezar olublar. Onun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin 2 əməkdaşı dayısı Məmmədov Nadir Əziz oğlunun adına olan onun yaşadığı evə gələrək, heç bir sənəd təqdim etmədən qaz sayğacına müdaxilə ediblər. «Və bunun mənim tərəfimdən edildiyini utanmadan israr edirlər. Bu hadisədən bir neçə gün sonra Ucar Xidmət Sahəsinin əməkdaşları gəlib, qəsdən yararsız hala salınmış qaz sayğacını açıb apardılar ki, guya, labaratoriyaya göndəriləcək. Buna görə bizə 216 manat cərimə tətbiq etdilər».

Amma məsələ bununla da bitməyib. Liderinfo.AZ-a məlumat verən Samir Həmidov qeyd edir ki, həmçinin qazdan istifadəyə görə heç bir borcları olmasa da, onlara 116 manat əsas borc yazıblar. «Qonşuların və ya digər şəxslərin iştirakı olmadan özlərinin tərtib etdikləri saxta akta ancaq özləri imza etdilər. Qeyd edim ki, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsində talançılıqla mənimsənilən pulun əvəzini vətandaşlardan belə saxtakarlıqla əldə alırlar. Ki, bu açıq-aşkar cinayət əməlidir. Qaz İstismar İdarəsinin əməkdaşlarının bütün bu qanunsuz əməlləri evimizin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilib».

Ucar sakini bildirir ki, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsi və həmin İdarənin tabeçiliyində olan Ucar Xidmət Sahəsinin rəhbərliyi belə saxtakarlıq və özbaşınalıq yolu ilə vətəndaşlara qanunsuz olaraq cərimələr tətbiq edirlər, saxta hesablamalarla borclar yazırlar. «Bu qanunsuzluq və özbaşınalığın qarşısını almaq üçün tədbir görülməsini istəyirəm».