Ana səhifə

Binəqədidə məmur 5 min rüşvət istəyir-ŞİKAYƏT

900
Binəqədidə məmur 5 min rüşvət istəyir-ŞİKAYƏT
Binəqədi rayon sakinlərindən ev tikməyə rüşvət istənilir. Rayon İcra Hakimiyyətinin Sulutəpə qəsəbəsi üzrə nümayəndəsi olan Mirpaşa adlı şəxs 5 min manat tələb edir. Əks halda tikilən evlər sökülür və yaxud da tikintisinə icazə verilmir.

Liderinfo.az Qafqaz Xəbər Agentliyinə istinadən xəbər verir ki, şikayətçi Elçin Əliyev bu faktı açıqlayıb. O, deyib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icra hakimiyyətindən icazə ala bilmir.
Sulutəpə ərazisində torpaq sahibi olan vətəndaşların heç birinin fərdi torpaq sahəsini təsdiq edən sənədi yoxdur. Bələdiyyə rəhbərliyindən alınan 1000-dən çox pay torpaq sahələrində tikinti aparmaq istəyənlər bələdiyyə daxilində özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxsə 5 min manat civarında pul ödəyərək inşa ediblər.

Elçin Əliyev deyib ki, Sulutəpə bələdiyyəsindən ona verilən torpaq sahəsində ev tikmək istəsə də, özünü Mirpaşa kimi təqdim edən şəxs ona 5 min manat ödəmədən tikintiyə başlaya bilməyəcəyini bildirib. Söylənilən məbləği ödəyə bilməyən ailə çarəsiz qalıb.
Dəfələrlə birinci xanım Mehriban Əliyevaya məktub yazan ailənin müraciətinə isə baxılması üçün hər dəfə Binəqədi İcra Hakimiyyətinə göstəriş verilsə də, ailəyə məktub göndərilərək “sənədləri düzəlt, gəl, icazə verək” cavabı verilib.

İcazəni isə icra nümayəndəliyi 5 min manata verir. Kirayə mənzildə yaşayan ailənin övladlarının biri serebral iflic xəstəsidir. Xəstə övlad, bir yandan da kirayə mənzildə yaşamaq ailə üçün çətin olduğu üçün öz fərdi mənzilinin bircə otağını da olsa tikib istifadəyə verib yaşamaq istəyir.

Sayt yazır ki, Mirpaşa Binəqədi rayon İcra Hakimiyyətinin işçisi deyil, amma o, sakinlərdən təyin olunmuş məbləği toplayaraq ünvana çatdırır.