Ana səhifə

Bələdiyyə sədrinin müavini iş adamının başını partlatdı - Sabirabadda qanlı insident...

1049
Bələdiyyə sədrinin müavini iş adamının başını partlatdı - Sabirabadda qanlı insident...
İyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kəndində qanlı olay baş verib. Bu barədə Liderinfo.az-ın Şirvan bürosuna məlumat daxil olub.

Hadisə kənd sakini Nəcəfov Aqif Qəhrəman oğlu ilə Həşimxanlı kənd bələdiyyə sədrinin müavini Əmrahov Fikrət Namik oğlu arasında qeydə alınıb. Qəzetimizin Şirvan bürosuna müraciət edən vətəndaş Aqif Nəcəfov başına gələnləri bu cür nəql edib: "Mən kəndimizdə xırda sahibkarlıqla məşğul oluram, daha dəqiq desəm çayxana işlədirəm.

Bələdiyyə sədrinin müavini, hazırda isə sədrin vəzifəsini icra edən Fikrət müəllim hələ bir neçə ay əvvəl gəlib dedi ki, sənin işlətdiyin çayxananın ərazisi bələdiyyə torpağına aiddir. Birinci dəfə 50 manat verib onu yola saldım. İkinci dəfə də gəlib məndən pul istədi. Bu dəfə məbləği qaldırmışdı- 100 manat tələb etdi. Buna maddi imkanım çatmadı və pulu verə bilmədim. Həmin gündən bələdiyyə sədrinin müavini mənimlə prinsip aparmağa başladı. Aramızda baş vermiş narazılıq ayın 21-də insidentlə yadda qaldı. Belə ki, bazar günü bələdiyyə sədrinin müavini məni bələdiyyənin inzibati binasına dəvət etdi.

Qeyri-iş günü olsa da, Fikrət Əmrahov orda idi. Elə oldu ki, söhbətimiz alınmadı. Belə başa düşdüm ki, çayxananın fəaliyyətini davam etdirməsi üçün sədr müavininə 2-3 min manat verməliyəm. Maliyyə durumum buna imkan vermirdi. Çox çək-çevirdən sonra aramızda narazılıq yarandı və sədr müavini məni vurdu. Bu zaman əlbəyaxa olduq. Özümü müdafiə məqsədilə mən də onu vurdum. Sonda o məni necə itələdisə, başım divara dəydi və parçalandı. Huşumu itirdim. Özümə gələndə artıq Şirvan Şəhər Mərkəzi Xəstəxanasında idim. Həkimlər vaxtında müdaxilə etməsəydi, bəlkə də indi həyatda yox idim. Bu hadisəni heç vaxt unuda və sədr müavinini bağışlaya bilmərəm. Hadisə ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bələdiyyə sədrinin müavini mütləq cəzasını çəkməlidir". Baş vermiş hadisəyə aydınlıq gətirmək məqsədilə Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahovla əlaqə saxladıq. O hadisəni təsdiq edərək bildirdi ki, Aqif Nəcəfov mülkiyyətində olan 500 kvadratmetrlik ərazidə və bələdiyyə mülkiyyətindəki torpaq sahəsində qanunsuz tikinti işləri aparıb: "Sədr işə çıxmadığından onun səlahiyyətlərini mən icra edirəm. Vətəndaş həm əhaliyə xidmət edən su zolağının ərazisinə girib, həm də özünə aid olmayan təxminən 300 kvadratmetrlik ərazidə qanunsuz tikinti işləri həyata keçirib.

Bundan başqa, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 35 min kilovatlıq elektrik xəttinin altında "besetka"lar tikdirib. Buna görə iyun ayının 13-də ona rəsmi şəkildə məktub göndərdim. Xahiş etdim ki, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahəsində apardığı tikinti işlərini dayandırsın, torpağın əvvəlki vəziyyətinə qaytarılmasını təmin etsin. Əks halda, haqqında bələdiyyə tərəfindən məhkəmə iddiasının qaldırılacağını bildirdim. Görünür, vətəndaş mənim bu sözlərimi həzm etmədi. İş otağımda subsidiyalarla əlaqədar sənədləri hazırlayırdım. Birdən tanımadığım nömrədən mənə zəng gəldi. Dəstəyin o tərəfindəki Aqif Nəcəfov idi. İş adamına bir daha bələdiyyənin göndərdiyi məktub haqda məlumat verdim.

O isə telefonda mənim ünvanıma təhqiramiz ifadələr işlətdi. Dedim ki, bu sözlərə görə səni başa salacam. Bunu deyib telefonu söndürdüm. Dərhal ərazi üzrə polis sahə müvəkkilinə məlumat verdim. İcra nümayəndəsini də yanıma çağırdım. Telefon danışığının üzərindən yarım saat keçəndən sonra sahibkar mənim otağıma gəldi. Yaxamdan tutub söyüş söyməyə başladı. Dözülməz söyüşlər söydüyü üçün mən də ona müqavimət göstərdim. Yanımda icra nümayəndəsi, onun müavini də var idi. Əsəbiləşib iş adamını itələdim. Bu vaxt başı otaqda harasa dəyib partladı. Hadisədə cinayət tərkibi olduğundan müvafiq hüquq-mühafizə orqanlarına artıq müraciət etmişəm". Baş vermiş cinayətlə bağlı Sabirabad Rayon Polis Şöbəsindən məlumat almağa çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Hər halda, bu hadisənin üzərindən səthi ötüb keçmək doğru olmazdı. Yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri hadisənin başvermə səbəblərini obyektiv şəkildə araşdırmalı və günahkarı ciddi şəkildə cəzalandırmalıdır. Növbəti saylarımızda bu insidentlə bağlı təfərrüatları açıqlayacaq, bələdiyyənin xanım sədrinin nəyə görə işə çıxmaması və icra başçısı Nazim İsmayılovun baş verən xoşagəlməz hadisələrə niyə münasibət bildirməməsi barədə yazı dərc edəcəyik.

Bizi izləyin.