Ana səhifə / Əsas Xəbər

Moskva görüşü - əməkdaşlığa doğru

Moskva görüşü - əməkdaşlığa doğru
Ötən ilin noyabrında imzalanan atəşkəs haqqında bəyanatın 63-cü günündə Moskvada üçtərəfli görüş keçirildi.

Tədbirin təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putin idi. Toplantının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bu görüşədək atəşkəs bəyanatının imzalanmasından ötən müddət ərzində Ermənistan tərəfi sənədin müddəalarını dəfələrlə pozub. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Xankəndinə qanunsuz səfər edib, separatçılarla görüşüb.

Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinə dair Bəyanatın 4-cü maddəsi hələ də yerinə yetirilməyib. Ermənistanın bölgədə diversant qrupları fəaliyyətini davam etdirir. Ermənistan əhalisinin iradəsinin əksinə olaraq rəsmi Yerevan Qarabağa əsgər göndərir. Əsgər valideynləri hakimiyyətin bu addımına qarşı çıxır, oğullarının Azərbaycana hərbi xidmətə göndərilməsinə etiraz edirlər. Bundan başqa, ölkədə müxalifət sayılan revanşistlərin Nikol Paşinyanın istefası ilə bağlı aksiyaları davam edib. Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair müxtəlif səviyyələrdə müzakirələr aparılır.

Bundan əvvəl Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsindəki neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilib. Sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi də iştirak edib. Görüşlərdə dövlət sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.