Ana səhifə / Əsas Xəbər

Rəfael Cəbrayılovun son kələkbazlığı – SSRİ-nin bərpasını özü gözləyir?

297
Rəfael Cəbrayılovun son kələkbazlığı – SSRİ-nin bərpasını özü gözləyir?
Rəfael Cəbrayılov nəhayət danışdı. İstefasından sonra – mandatsız şəkildə mətbuat konfransı keçirdi.

Müxtəlif şəxslərdən – sələmçi qadınlardan, digər xanımlardan aldığı borcu niyə qaytarmamasına demək olar ki, aydınlıq gətirmədi. Əvəzində kasıb ailədə böyüməsindən, sonra milyoner olmasından, biznesindən, qardaşının onu eşitməməsindən bəhs etdi.

Bunlar heç. Zatən kələkbazlıq fəaliyyətinə heç kim aydınlıq gətirmir və gətirə də bilməz. Bunun mümkün mexanizmini tapmaq da olmur. Elə Rəfael müəllim də müəyyən edə bilməmişdi deyə, bir az yazıq görkəminə, bir az demokrat obrazına, bir az da humanist, ədalətli adam qiyafəsinə girərək, borclu olduğunu danmırdı.

Ən maraqlısı, açıqca etiraf edirdi ki, deputat olduğu müddətdə bizneslə məşğul olub, bina tikib. Mənzil satıb. Daha doğrusu, inşa etdiyi 200 mənzili sata bilməyib deyə, borclarını qaytara bilməyib. Bütün günahı da atırdı qardaşının üstünə. Yazıq qardaşı...

Bir də yazıq mətbuat... Adam deputat vəsiqəsini girov qoyub, vətəndaşlara vur-tur 5 milyon dollar kələk gəlib, di gəl, bu biabırçılığa görə medianı günahkar çıxarmağa çalışırdı. Ki, bəs bunu niyə tirajlayıblar, onun mövqeyini dərc etmədən.

Rəfael müəllim bilməmiş deyil ki, belə biabırçı olay Amerikada, Fransada olsaydı, media nəinki yazar, TV-lər günlərlə onun ofisi qarşısından canlı yayım edər, evinin qarşısında post qoyub dışarı çıxmasını gözləyər, şəklini çəkər, üstünə qaçıb müsahibə istəyərdilər.

Azərbaycan jurnalistləri maksimum mədəni davranaraq, ona yalnız telefon açıblar, elə bizim əməkdaşlarımız da günlərlə onun mobil telefonuna zəng ediblər. Ancaq Rəfael Cəbrayılov cavab verməyib.

İndi vəziyyətini bir qədər düzəldəndən, tryuklar fikirləşib tapandan sonra mətbuat konfransı keçirib.

Maraqlı şeylər də danışdı amma özü haqda. Kələkbazlara xas şəkildə öncə dini kitablardan, peyğəmbərlərdən sitat gətirdi. Sonra dini əhvalatlar nəql etdi. Ardınca dedi ki, əqidəsini tez-tez dəyişənlərdən deyil. Bunu deyib də Lenindən iqtibaslar söyləməyə başladı, xüsusi ilə qeyd etdi ki, "Bəzi həmkarlarının dediyi kimi, Kommunist Partiyasının vəsiqəsini hələ də saxlayır". Birnəfəsə əlavə etdi ki, “Cəlil Məmmədquluzadə demişkən, bəlkə də qaytardılar”... Yenə (bəlkə son dəfə) elə kələkbazlıqla ifadə edir ki, bu kəlməni, bilinmir "kompartbileti" özü saxlayır, ya həmkarları. Bəlkə də kommunistləri yad etməsi haralarasa üstüörtülü mesajıdır özünün?! Hər bir halda, Kommunist Partiyasını xatırladığı üçün indi adamlar düşünəcəklər Rəfael Cəbrayılov “5-ci kolon”un təmsilçisidir, yenidən SSRİ-nin bərpasını intizarla gözləyir...

Xülasə, müəllim hər şeydən danışdı. Ancaq heç kimə heç nə aydın olmadı. Elə borc yiyələrinə də bir vəd vermədi.

Hə, bir də fəxrlə deyirdi ki, istefa bir mədəniyyətdir. Məncə, o qətiyyən könüllü istefa vermək niyyətində olmayıb. O, sadəcə elə biabırçılığa yol verib, onu artıq iqtidar düşərgəsində görmək istəmədilər, “sakitcə çıx get, bir də bura dönmə” dedilər.

Bəlkə heç bununla da canını qurtarmadı. Hüquqi tərəfləri var məsələnin – buna görə də cavab verməsi tələb oluna bilər.

Görünən budur ki, hakim düşərgədə kadrlara münasibət ciddi şəkildə dəyişib. Təmizləmə gedir və bütün sahələri əhatə edir. Artıq cəbrayılovlar və onun kimilərlə qeyd-şərtsiz “əlvida” deyilir...

Sonda yadıma düşdü ki, Rəfael Cəbrayılovun 2005-ci ildə ilk dəfə deputat “seçilməsi” də möcüzə kimi bir şey olmuşdu. Onun o zamankı rəqiblərindən birinin seçki kampaniyasında iştirak edirdim deyə, proses dəqiq yadımdadır. Cəbrayılov ilkin nəticələr açıqlananda rəqibindən təxminən 30 faiz az səs toplamışdı. Gecə saat 1-dək nəticələr belə göstərilirdi. Səhər tezdən isə Cəbrayılov qalib idi...Musavat.com