Ana səhifə / Əsas Xəbər

Gömrük qapılarındakı xəfiflik… – Və yaxud Səfər Mehdiyevin düzəltdiyi “qaş”…

386
Gömrük qapılarındakı xəfiflik… – Və yaxud Səfər Mehdiyevin düzəltdiyi “qaş”…
Dövlət Gömrük Komitəsi pirotexniki vasitələrin ölkə ərazisinə keçirilməsinin məsuliyyətini üzərindən atmaq üçün digər dövlət qurumlarını hədəf göstərir.

Ötən ilin son həftələrindən etibarən, pirotexniki vasitələrdən istifadə məsələsi yenə diqqət mərkəzinə gəldi. Bayram günlərində raket-artilleriya təlimlərini xatırladan “atəşfəşanlığın” yaratdığı narahatlıq, doğrudan da, ciddi problemdir.

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi qadağan edilsə də, hər il eyni mənzərənin şahidi oluruq. Paytaxt Bakı, böyük şəhərlər, rayon mərkəzləri, hətta ucqar kəndlərdə belə partlayıcılar açıq şəkildə satılır, alınır, istifadə edilir.

O baxımdan, Gömrük Komitəsinin yeni rəhbərliyinin qətiyyətli vədlərinə ümidli olan əhali Yeni ili başı-qulağı dinc qarşılayacağını düşünürdü. Ancaq ilin tamamlanmasına sayılı günlər qaldıqca aydın olurdu ki, partlayıcılarla bağlı vəziyyət daha da pisləşib.

Bakının mərkəzi hissələrində, metroların ətrafında, bir sözlə, ticarətin mümkün olduğu hər yerdə, polisin gözünün qabağında partlayıcı vasitələr yenə də satılırdı. Bu da sizə “qadağa”…

Gömrük Komitəsinin Yeni ilə bir neçə gün qalmış “ölkəyə qanunsuz gətirilən pirotexniki vasitələri məhvetmə şousu” isə əhali üçün ucuz təsəlli də olmadı. Dekabrın 31-i axşamdan başlayan “atəşfəşanlıq” saatlarla davam etdi…

Buna görə media və sosial şəbəkələrdə Gömrük Komitəsinə yönələn ittihamların dərəcəsini təsəvvür etmək çətin deyil. Əksəriyyət pirotexniki vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsinə görə bu qurumu günahkar və məsul görür. Əslində, Gömrük Komitəsinin reputasiyasını nəzərə alsaq, bu ittihamları aksiom kimi də qəbul edə bilərik.

Yaxşı, bəs Gömrük Komitəsi bu ittihamlar qarşısında nə etdi? “Üzrü günahından betər” açıqlama yayaraq, bu işdə əl(lər)inin olmadığına xalqı inandırmağa çalışdı.

Komitənin açıqlaması kövrəldici statistika ilə zəngindir. Sən demə, mübariz gömrükçülər son ayda sayı milyonlarla ifadə olunan qədər partlayıcı vasitə müsadirə edərək, zərərsizləşdiriblər.

Deyəcəksiz, o zaman Bakıda və ölkənin bütün yaşayış məntəqələrində partladılan, barıt qoxusu hələ də çəkilməyən vasitələr Azərbaycana necə gətirilib? Komitənin açıqlamasında bu suala da cavab “tapılıb”:

“Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür”.

İndi aydın oldu? Bilin və agah olun ki, rahatlığımızı pozan partlayıcılar ölkəyə “qaçaqmalçılıq yolu” ilə keçirilib. Özü də “xüsusi kontrabanda qrupu” bütün ölkəni partlayıcı vasitələrlə təmin edəcək səviyyədə yüksək “məhsuldarlıq” göstərib.

Gördüyünüz kimi, Gömrük Komitəsi özünü məsuliyyətdən kənar saxlamaq üçün ölkənin sərhəd mühafizəsinin etibarlılığını belə şübhə altına almaqdan çəkinmir.

Bəli, qaçaqmalçılıq yolu ilə ölkəyə qadağan olunmuş məhsulların gətirilməsi mümkündür. Ancaq bunun da bir həddi var. Necə iddia etmək olar ki, pirotexniki vasitələr tam həcmdə “kontrabanda”nın nəticəsidir?

Adı rüşvətin sinonimi kimi hallanan Gömrük Komitəsi yəni bu qədər kristal qurumdur? Hər halda, fikrimcə, Komitənin sədri, “1 manat da rüşvət almadığını” deyən Səfər Mehdiyev məhz bu iddiası üçün izahat verməli olacaq…

Yeri gəlmişkən, Komitənin açıqlamasında pirotexniki vasitələrin “qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında” gətirilməsinin mümkünlüyü də qeyd olunub. Lakin o icazənin vətəndaşların “bayram atəşfəşanlığı”na xidmət etdiyini düşünmək belə artıqdır.
www.yenicag.az