Ana səhifə / Əsas Xəbər

Gömrükdə həbslərə start verildi – Generalların qarşıdurması qızışdı - ARAŞDIRMA

3238
Gömrükdə həbslərə start verildi – Generalların qarşıdurması qızışdı - ARAŞDIRMA
Bu ilin mart ayından etibarən, Dövlət Gömrük Komitəsində güc balansı ciddi şəkildə dəyişməyə başlayıb, daxili qarşıdurma şiddətlənib.

Bu proses isə aprelin ortalarından daha kəskin xarakter alıb. Nəticədə komitə sədrinin birinci müavini Səfər Mehdiyev kəskin danlanıb, komitədəki mövqelərini itirib. Hətta onun istefa ərizəsinin alındığı haqda da xəbərlər yayılıb. İddia olunur ki, olimpiya oyunlarından sonra Səfər Mehdiyevlə bağlı qərar rəsmiləşəcək.

Əsəbi keçən üzləşmə, gərilən ortam və itirilən mövqe…

Mia.az xəbər verir ki, Səfər Mehdiyev gömrükdə əslən Nehrəmdən olan bir sıra vəzifəli şəxslərin himayəçisi olub. Lakin eyni kənddən olmalarına baxmayraq, onunla əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun münasibətləri soyuq olub. Daha dəqiqi, gömrüyün "Boz kordinal”ı sayılan S.Mehdiyevlə Vüsal Novruzov heç vaxt yola getməyiblər:

«Maraqlı məsələdir ki, Səfər Mehdiyevin nazir Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçən və əsəblərin sonsuz gərildiyi deyilən toplantıda kəskin şəkildə danlanmasını da, məhz həmkəndlisinin «xidməti» ilə bağlayanlar az deyil».

Həmin qeyri-rəsmi toplantının nədən məhz Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilməsi və Səfər Mehdiyevin niyə gərgin vəziyyətə salınması haqda məlumatlara hələlik toxunmadan qeyd edək ki, məhz bu toplantıdan sonra Səfər Mehdiyevə yaxın olan gömrükdəki bəzi nehrəmli idarə rəisləri ilə bağlı kəskin qərar verilib:

Kimlər və niyə vəzifəsini itirdi?

«Məhz bu qərar əsasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev üç idarə rəisinin işdən çıxarılması barədə əmr verdi. Vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləri idi. Çıxarılanların yerinə təyinat alanlardan biri isə keçmiş təhsil naziri Misir Mərdanovun kürəkəni, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov olub. O, Xaçmaz Gömrük İdarəsinə rəis təyin olunub. Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib. Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər.

Məlumat üçün bildirək ki, İlqar Abdullayev isə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayevin qardaşıdır.

Qeyd edək ki, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun bu təyinatlardan sonra da vəzifəsiz qalması cəmiyyətdə böyük maraq doğurmuşdu. Nədən ki, hər üç idarə rəisinin eyni kənddən – Naxçıvanın Nehrəm kəndində olması və bu kəndin iki sakininin komitədə sədr müavini, birinin isə Bakı Baş Gömrük İdarəsinin rəisi olması faktoru cəmiyyətdə haqlı suallar doğurmuşdu. Ancaq görünən odur ki, bu idarə rəislərinin vəzifələrindən azad olunması ilə aprel ayında Kəmaləddin Heydərovun rəhbərliyi altında keçirilən toplantı arasında ciddi əlaqə var. Təsadüfi deyil ki, həmin toplantıdan sonra Səfər Mehdiyevin vəziyyətində müsbətə doğru heç nə dəyişməyib. Əksinə, vəziyyət bir qədər də qaranlıq və gərgin xarakter almağa başlayıb. Çünki artıq gömrükdə yeni həbslərə start veriblər».

Saxlanılan idarə rəisi ilə gömrük generallarını nələr bağlayır?

Mia.az-a daxil olan qeyri-rəsmi məlumata görə, diqqətin olimpiadada olduğu bir ərəfədə işdən çıxarılan rəislərdən biri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılan gömrük rəisinin kimliyi bizə məlumdur. Lakin rəsmi qurumlardan dünəndən rəsmi təsdiq cavabı ala bilmədiyimizdən hələki adını yazmırıq. Amma məlumatda bildirilir ki, idarə rəisinin yaxınları qəfil və məlumatsız saxlanılma olayından həddən artıq narahat olmağa başlayıblar. Hətta bununla bağlı nehrəmli gömrük generallarından məlumat almağa da cəhd olunduğu iddia olunur. Ancq gömrük generalları da həmkənddililərin həbsini susqunluqla qarşılayırlar…

Şirkətlərin mühasibi komitə sədri postuna hazırlanır?

Məlumatlı şəxs deyir ki, son 6 ayda gömrükdən büdcəyə daxilolmaların ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağı olması da, bu sahədə yaxınlarda geniş «təlatümlər»in baş verəcəyini yol açıb:

«Gömrük orqanlarında gəzən söhbətləri nəzərə alsaq, parlament seçkilərinə qədər Dövlət Gömrük Komitəsində çox ciddi dəyişikliklərin aparılacağı qaçılmaz olacaq. Bu zaman isə gömrüyün sədri Aydın Əliyevin də vəzifəsindən getməsi gündəmə gətiriləcək. Əgər hazırkı plan və vəziyyət indiki şərtlərlə davam edərsə və Kəmaləddin Heydərovun iqtidardakı mövqeyində ciddi dəyişiklik olmazsa, o zaman Aydın Əliyevin yerinə Səfər Mehdiyevin "torbasını tikən" nehrəmli generalın gətirilməsi haqda deyilənlər ciddiləşəcək. Məntiq və proses də bunu deyir. Görünür, şirkətlərinin mühasibatlığını aparan gömrük generalına Kəmaləddin Heydərovun etimadı həqiqətən də sonsuzdur... ».

Kəmaləddin Heydərova məxsus olan 100-lərlə labirintsayağı şirkətlərin hesabatına kimin cavabdeh olması və bu şirkətlərə məsul şəxslərin Mərkəzi Bankın 21 fevral qərarı (devalvasiya) ərəfəsində tutduğu stabil mövqe ilə niyə öyünmələri isə digər mövzumuzun söhbətidir. Bununla bağlı ətraflı araşdırmamız yaxın günlərdə təqdim ediləcək.