Ana səhifə

SDU-nun rektor təhsil nazirinə qarşı

3937
SDU-nun rektor təhsil nazirinə qarşı
SDU-nun rektor təhsil nazirinə qarşıElxan Hüseynov Mikayıl Cabbarovun etimadını doğrultmur

Sumqayıt Dövlət Universitetində davam edən sessiya imtahanları “ənənəvi” pul yığımları ilə müşahidə olunmaqdadır. Bu barədə SDU-da olan mənbələr xəbər verirlər. Düzü bu kimi xəbərləri aldıqda, yadıma “Onu bağışlamaq olarmı?” kinofilmindən Şahmarın həbs olunma səhnəsi düşür. Milis işçilərinin onu yaxalamalarının artıq an məsələsi olduğunu bilən cani, hətta bu məqamda belə öz vərdiş etdiyi əməlindən, oğurluq qızıl əşyaları yerləşdirdiyi primus qablarını lehimləməkdən əl çəkə bilmir...Elə aldığımız məlumatlarda da 2014-cü ildən SDU-ya rəhbərlik edən Elxan Hüseynovun, əvvəllər işlədiyi Bakı Dövlət Universitetində vərdiş etdiyi bir çox əməlləri daha geniş miqyasda yeni rektor təyin olunduğu ali təhsil müəssisəsində davam etdirdiyi bildirilir.

Təbii ki, paytaxt unuversiteti istər burada təhsil alan tələbələrin sayına, istərsə də həmin tələbələrin valideynlərinin maddi imkanlarına görə müxtəlif korrupsiya əməllərinin həyata keçirilməsi üçün SDU-dan daha geniş imkanlar verə bilər. Lakin bu “çatışmazlıqları” Elxan Hüseynov SDU-da aldığı birinci şəxs statusunun imtiyazları hesabına tamamilə kompensasiya edə bilib. Həmçinin yeni rektor bu imtiyazları yerli kadrların hər-hansı “təcavüzündən” sığortalamaq üçün də vaxtında qabaqlayıcı tədbirlər görüb. Məhz bu məqsədlə, Elxan Hüseynov SDU-ya təyinat alan kimi, 12 il ərzində Bakıda formalaşdırdığı komandanın ən etibarlı və “işgüzar” üzvlərini özü ilə buraya gətirib. Bu gün isə yeni rektorun köhnə məsləkdaşları Sumqayıt Dövlət Universitetində ən vacib postlara yerləşdiriliblər. Düzdür, bu yerləşmələr SDU-nun bir çox köhnə kadrlarına iş itkisi bahasına başa gəlib, amma necə deyərlər, yeniliklər qurban tələb edir. Həm də bu proses SDU-nun öz yerlərində qalıb işləyən digər müəllimləri üçün yaxşı bir ibrət dərsi oldu. Əvəzində isə, hal-hazırda bu ali təhsil müəssisəsində həyata keçirilən istənilən “islahat” etirazsız-filansız qəbul olunur. Hətta imtahan qiymətlərinin 50 manatdan 80-100 manata qaldırılması da, bu pulu ödəməli olan tələbələrdən başqa heç kim tərəfindən narazılıqla qarşılanmadı.

Tələbələrin narazılığını isə hesaba almamaq da olar. Son nəhayətə, onlardan heç biri nə rektorun, nə də universitetin digər vəzifə sahiblərinin yerinə namizəd deyil (ən azından yaxın bir neçə ildə). Yeri gəlmişkən, bizdə tez-ez işlənən bir atalar misalı da var. Deyir, igidi öldür, amma haqqını ver. İndi biz də, elə hey Elxan Hüseynovun fəaliyyətini tənqid edirik. Halbuki, onun tətbiq etdiyi yeniliklərdə universitetin professor-müəllim heyətinin maraqlarını təmin edən məqamlar da yox deyil. Məsələn, SDU-da əsil yenilik sayıla biləcək “paket-mükafatlandırma” üsulu. Mənbənin bildirdiyinə görə, rektor universitetin digər əməkdaşlarını məhz rüşvətxorluqdan, tələbələrdən pul yığmaqdan çəkindirmək üçün tətbiq edib. Məgər bu əsil qayğı deyil? Rüşvət almırsansa, heç kimdən də çəkinmirsən, heç kimin qarşısında gözükölgəli olmursan.

Rahat mühazirəni söyləyirsən, məşğələlərini keçirirsən... İmtahanlarda da kimə hansı obyektiv qiymət yazılmalıdır, elə aldığın həmin paketdə də yəqin ki, qeyd olunur. Həyat nə gözəldir!Amma (olmaya da bu əmmalar), hər şeyin bir sonu olduğu kimi, böyük ehtimalla, bir gün SDU-da yaradılmış bu korrupsiya və rüşvətxorluq “cənnəti”nin sonu gələcək. Və o zaman artıq dolu primuslar da heç kəsin köməyinə çatmayacaq. İnanın ki, bunlar boş sözlər deyil. İnanmayanlar isə, sadəcə dönüb bir ətraflarına nəzər salsınlar. Hansı rüşvətxor və ya digər korrupsioner məsuliyyətdən qaça bilib ki? Sadəcə, bir az geci-tezi var...
bizimdovr.az

SDU rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.