Ana səhifə / Əsas Xəbər

SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK

591
SÖKÜLƏCƏK MƏSCİDLƏ BAĞLI APELYASİYA ŞİKAYƏTİ EDİLƏCƏK
Bakı rəhbərliyi bu gün öz qərarını verəcək

Bakının Yeni Günəşli qəsəbəsi «v» massivi, 33 ünvanında yerləşən «Fatimeyi-Zəhra» məscidinin sökülməsi ilə məhkəmə qərarından apelyasiya şikayəti veriləcək. Bu barədə lent.az-a məscidin dini icmasının nümayəndəsi Rövşən Şirəliyev məlumat verib. O, hələ ki, 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin müvafiq qərarını yazılı şəkildə almadıqlarını, bu səbəbdən apelyasiya şikayəti verilməsi işinin yubandığını deyib: «Məhkəmə qərarı yalnız prosesin sonunda elan olunub, bizə yazılı şəkildə verilməyib. Qərarı alan kimi Bakı Apelyasiya Məhkəməsinə müraciət edəcəyik».
Xatırladaq ki, avqustun 31-də 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi «Fatimeyi-Zəhra» məscidinin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin (RİH) balansına verilməsi barədə RİH-in iddiasını təmin edib.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiəsinin Mərkəzinin sədri, hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlunun sayta verdiyi açıqlamaya görə, məscidin bağlanması İlahi cəzadır: «Belə olmasaydı, bizlər mübarək Ramazan ayının 10-cu günündə - Xanım Zəhranın (s.ə) anasının vəfatı günü məscidin bağlanması haqqında məhkəmə qərarının ləğv edilməsi haqqında müzakirələr aparmazdıq. Hesab edirəm ki, bu, həqiqətən İlahi cəzadır».
İbrahimoğlu qeyd edib ki, məcdilərin bağlanması mütləq özünü Azərbaycan xalqının genefondunda göstərəcək: «Çöx qısa müddətdə artıq üçüncü məscidin sökülməsinin planlaşdırılması, ciddi tənəzzül və Azərbaycan xalqının gələcəyi üçün yaranan ciddi təhlükədən xəbər verir».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Gündüz İsmayılov isə «Trend»-ə müsahibəsində Azərbaycanda məscidlərlə bağlı heç bir problem olmadığını deyib: «Azərbaycanda yalnız qanunsuz tikili problemi var. «Fatimeyi-Zəhra» məscidi söküləcəyi təqdirdə dini icma üzvlərinin keçirdiyi etiraz aksiyasında qan töküləcəyi ilə bağlı səslənən fikirlərinə gəldikdə, bunu qeyri-ciddi hesab edirəm».
DQİDK-nın rəsmisi məscidin sökülüb-sökülməyəcəyi barədə sualı da cavablandırıb: «Bu işlə bağlı məhkəmənin qərarı var. Məhkəmə qərarı müzakirə olunmur, icra olunur».

Əlavə edək ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti «Milli və mənəvi dəyərlər» İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyadan sonra ona təqdim edilən qətnaməyə də münasibət bildirəcək.