Ana səhifə

Gəncə Dövlət Universitetində şok olay: Əlbəyaxa dava...

1724
Gəncə Dövlət Universitetində şok olay: Əlbəyaxa dava...
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində ağılagəlməz növbəti biabırçılıq baş verib.

Bu barədə Liderinfo.az-a daxil olan məlumatda deyilir. Xəbərdə bildirilir: “Fakültənin Ümumi texniki fənlər kafedrasının müdiri, dosent Mahir Nağıyev həmin kafedranın əməkdaşı Sərəncam xanımı fakültənin əməkdaşlarının gözləri qarşısında qəddarcasına döymüşdür. Nəticədə Sərəncam xanımın barmağı sınmış, bədənində çoxlu sayda qançırlar əmələ gəlmişdir. Bu barədə Sərəncam xanım məhkəmə tibb ekspertizasından arayiş almışdır”.

Bu qeyri-adi olayla bağlı Liderinfo.az-a daxil olan informasiyada hadisə belə təsvir olunur: “8 may 2015-ci ildə Gəncə şəhərində keçirilən Gül bayramında Sərəncam xanımın yaratdığı nəfis əl işi , şəhərin icra hakimiyyətinin başçısı Elmar Vəliyev cənabları tərəfindən təriflənib və yüksək qiymətləndirilibdir. Sənət işi isə Ümummilli lider Heydər Əliyevin muncuqlar , billur şüşə hissəcikləri ilə hazırlanmış və güllərlə bəzədilmiş nəfis portreti olub.

Sərəncam xanımın yüksək tərifə layiq görülməsi kafedra müdiri Mahir Nağıyevin və kafedranın bəzi qadın işçilərinin ürəyincə olmayıbdır. Heç bir qabiliyyəti və savadı olmayan, kafedranı idarə edə bilməyən Mahir Nağıyevin nəhayət əsəbləri dözməyibdir. O, kafedranın qadın əməkdaşları ilə birləşib, xırda bəhanə ilə Sərəncam xanıma söz ataraq lağ ediblər ki, bəs sənin əməyinə niyə medal vermədilər?

Sonra isə Sərəncan xanımı əvvəlcə kafedra müdirinin kabinetində döyüblər. Onun əlindən dəhlizə qaçan Sərəncam xanımı Mahir müəllim dəhlizdə də döyməyə davam edibdir.

Mahir müəllimin Sərəncam xanıma belə fiziki təcavüzü birinci dəfə deyil. Azərbaycanlılarda kişinin qadına əl qaldırması alçaq hərəkət sayılır. Mahir müəllimin bu hərəkəti milli mentalitetimizə ləkə gətirən , kişiliyə yaraşmayan hərəkətdir. Ən biabırçılıq isə ondan ibarətdir ki, həmin vaxt əlbəyaxa döyüş meydanının bir metrliyində olan fakültə dekanı, onun müavinləri və kafedra müdirləri onları aralamaq əvəzinə dava dalaşa şahid olmamaq üçün qaçaraq kabınetlərində gizləniblər. Bu biabırçılıq universitetin "Etika" komissiyasında müzakirə edilib. Bu iclasda Mahir Nağıyev çıxış edərək deyib ki, Sərəncam xanımın barmağı qırılmayıb, o, yalandan arayış alıbdır.

Mahir müəllim hansı üzlə fakültənin və rəhbərlik etdiyi kafedranın əməkdaşlarının və tələbələrinin qarşısına çıxaçaq? Axı, Mahir müəllimin şikayətinə görə , onu qadın döyüb, özü də rəhbərlik etdiyi kafedranın xanım laborantı”.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də Liderinfo.az olaraq dinləməyə hazırıq...