Ana səhifə

XALQIN İNANCLA İZLƏDİYİ XOŞQƏDƏM HİDAYƏTQIZININ "İKİÜZLÜLÜK"ETDİYİ ŞOK KADRLAR -VİDEO

2470
XALQIN İNANCLA İZLƏDİYİ XOŞQƏDƏM HİDAYƏTQIZININ "İKİÜZLÜLÜK"ETDİYİ ŞOK KADRLAR -VİDEO
Bütün düşərgələr ona qarşı o tərzdə hücum edir ki, sanki Hillari Klintonun ABŞ prezidenti olmasına Xoşqədəm Hidayətqızı imkan verməyib

Musavat.com xəbər verir ki, dünən axşam saatlarında yerli mediada bir video yayınlanıb. Həmin videonun tanınmış tele-jurnalist Xoşqədəm Baxşəliyevanın peşəkar karyerasına zərbə vurmaq və onu ictimai rəydə gözdən salmaq məqsədi ilə ATV kanalı tərəfindən meydan.tv saytına sızdırıldığı kimsədə şübhə doğurmur. Məsələnin maraqlı tərəfi budur ki, məhz X. Hidayətqızına zərər yetirmək üçün iqtidar komandasına xidmət edən televiziya bu “layihədə” mövcud hakimiyyətə ən sərt mövqe daşıyan bir KİV-lə əməkdaşlığa girib.

Video parçadan aydın olur ki, həmin görüntülər ATV kanalında yayımlanan “Səni axtarıram” proqramının çəkilişlərindən götürülüb. Kadrlarda səhnə arxasında baş verənlər əks olunub. Həmin kadrlar gerçəkdən də layihə müəlliflərinin reytinq naminə seyrçiləri aldatdıqları, saxtakarlıq etdikləri faktını ortaya çıxardır. Həm də düz 3 epizod üzrə. Buna görə X.Hidayətqızını və ATV-də bu verilişi hazırlayan heyəti qınayırıq. Lakin bu kadrlar və ATV-nin mətbəxi bu teleşirkətin rəhbərliyinə çoxdan məlum idi. İndi onu ortaya çıxarmaqlarında yeganə məqsəd X. Hidayətqızının ATV-dən ayrıldıqdan sonra fərqli adla da olsa, eyni konsepsiyalı verilişləri başqa televiziyalarda daha yüksək reytinqə qaldırmasıdır. ATV isə, kimi gətirsə də, bu cür layihələri heç cür tutdura bilmədi.

Xatırlatma üçün yazırıq ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.

Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.

Bundan sonra Müəllif Hüquqları Agentliyi məsələ ilə bağlı açıqlama vermişdi.
Agentlikdən Trend-ə verilən məlumata görə, "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının (Xoşqədəm Hidayətqızı) birgə məhsulu olan "Səni axtarıram" televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 09 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Müəllif Hüquqları Agentliyinə məktubla müraciət edib.

Məsələnin hüquqi aspektləri ilə bağlı Agentlikdən bildirilib ki, əlaqəli hüquqlar obyekti olan "Səni axtarıram" televiziya verilişi Agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli Şəhadətnamələr verilib.

Müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. "Səni axtarıram" verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur.

“Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırıb. Bundan sonra veriliş ANS-də işıq üzü görüb. Hazırda isə "Xəzər" TV-də yayımlanır. (meydan.tv)

Meydan TV yazır ki, “Səni axtarıram”-ın kadrlarda görünən “qəhrəman”ı ilə əlaqə saxlaya bilməyib. Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: "Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm".
Meydan TV həmin kadrların efirə getməsində bilavasitə cavabdeh olan ATV kanalının prezidenti Vüqar Qaradağlı ilə də əlaqə saxlayıb. Dəfələrlə edilən zənglərdən və göndərilən mesajlardan sonra Vüqar Qaradağlı bu mövzuda danışmaq istəmədiyini bildirib.
Musavat.com hesab edir ki, V. Qaradağlı məhz bu məqamda oyun oynayıb və bütün prosesin arxasında özü dayandığı halda, bu barədə açıqlama verməkdən yayınıb.

Hazırda sosial şəbəkələrdə X.Hidayətqızına qarşı böyük bir kampaniya gedir. Bir neçə gün öncə prezidentin “Əməkdar jurnalist” adı verdiyi tanınmış jurnalist karyerasının ən ağır dönəmini yaşayır. Ona o tərzdə hücum edilir ki, sanki Hillari Klintonun ABŞ prezidenti olmasına Xoşqədəm Hidayətqızı imkan verməyib.

Musavat.com bildirir ki, dünya televiziyalarında analoji konsepsiya üzrə hazırlanan şou xarakterli verilişlərin istisnasız olaraq hamısının müəyyən dərəcədə ssenariləşdirilməsi və teatrlaşdırılması var. Əks halda, böyük televiziyalar və proqramlar milyonlarla seyrçini öz verilişlərinə baxmağa vadar edə bilməz, bununla da böyük reklam paralarını cəlb etməyi bacarmaz.

Baxmayan oxucuların üçün söhbətin nədən getdiyini bilmələri üçün ATV-nin sızdırdığı və Xoşqədəmi bitirməyi hədəfləyən məlum video-süjeti təqdim edirik.