Ana səhifə / Əsas Xəbər

İradə Gülməmmədova Abşeronda nə işlə məşquldu?

2651
İradə Gülməmmədova Abşeronda nə işlə məşquldu?
Abşeronda hal qalmadı

2015-ci ildə Zakir Fərəcovdan sonra RİH başçısı vəzifəsinə İradə Gülməmmədovanın təyin olunması narazı Abşeron sakinlərini ümidləndirmişdi.

Onlar düşünürdü ki, bəlkə, xanım icra başçısı daha humanist və ədalətli olacaq, rayon sakinlərinin illərdir həll olunmayan problemlərini bir-bir yoluna qoyacaq. Ən əsası, qapı arxasında qalmağa öyrəşmiş sakinlərin şikayətlərini eşidəcək.

Amma… Sən saydığını say, gör, fələk nə sayır.

Binəva abşeronlular düşünmədi: “İradə xanım bəlkə heç bu ümidləri doğrultmaz, hətta o boyda rayonu bir vaxtlar baş həkim işlədiyi uşaq poliklinikasından da betər hala sala bilər?”.

Biz xalq olaraq çox sadəlövhük. Bizim “şər deməsən, xeyir gəlməz” kimi atalar sözümüz də var, “ağzımızı xeyirliyə açaq” kimi el məsəlimiz də.

Bir dəfə pisini düşünəndə, sonra “lənət şeytana” deyir və özümüzü inandırırıq ki, hər şey yaxşı olacaq.

Həm də, xalqımızda xanım anlayışı çox yüksəkdədir. Xanım dedikdə zəriflik, gözəllik yada düşür. Bizdə rəhbər vəzifələrdə xanım az olsa da, onlara daim hörmət göstərir və xüsusi diqqətlə yanaşırıq.

Elə buna görə də, mən öz yazımda İradə Gülməmmədovanı sərt tənqid atəşinə tutmayacam. Sərt tənqid etməyə nə var ki? “Axtaran tapar” deyib, bir günün içində Abşeron rayonundan onlarla, yüzlərlə problem tapmaq olar.

Amma ehtiyac yoxdur, xalqın gözü tərəzidir. Bir-bir problemlərin özü mətbuata sızır. İnformasiya seli o qədər güclənib ki, saytlardan yazı sildirməyə çalışan bəzi abşeronlu baş redaktor və məmurlar da aciz qalıblar…

Elə son günlərdə pedaqoji təhsili olmayan müğənni Gülnar Nəbinin Xırdalanda 17 saylı bağçaya direktor təyin edilməsi, hələ üstəlik bu bağça müdirəsinin xanım icra başçısı ilə qohum olmasına dair məlumat da özlüyündə az şey demir.

Bəs digər bağçalarda vəziyyət necədir? O bağçaların da müdirələrində “JEEP” varmı? Olmaya, rayondakı digər bağçaların müdirələri hamısı vicdanlı, qanunsevər və humanistdir?

Olmaya, övladını bağçaya qoyan valdieynlərin hamısı razıdır və dövlət bağçasına bir qəpik də rüşvət verməli olmurlar?

Qafqaznews.az-ın yazarı, həmkarımız Rüfət Əhmədzadə Masazır qəsəbəsində yaşayır. Rüfət müəllim nə vaxtdır 3 yaşlı oğlu Mətini qoyacaq bağça tapmır – nə Masazırda, nə də Xırdalanda. Ona hər dəfə müxtəlif cavablar verirlər – gah 4 yaşdan aşağı uşaq götürmürlərmiş, gah yer yoxmuş… Əlbəttə ki, jurnalist olduğunu öyrənəndə açıq-aşkar pul istəmirlər, “sizinlə əlaqə saxlayarıq” deyib yola verirlər… Rüfət Əhmədzadə isə fağır adamdır, özünü o səviyyəyə salıb, bağça müdirləri ilə “dava-dava” oynamağı sevmir. Ona görə də, “eybi yox, maaşımdan birtəhər dayəpulu ayıraram, amma rüşvət vermərəm” deyərək, oğlu üçün bağça axtarışlarına son verib.

O, heç kimə rüşvət vermək istəmir deyə, övladını heç bir bağçada yerləşdirə bilmir. Cavabların çoxu isə bəhanədir. Bəzi rayonlarda vaxtaşırı jurnalistlərə jest edirlər ki, ciddi narazılıq yaranmasın, mətbuatla düşmənçilik olmasın… Amma görünür, Abşeronda artıq jurnalistlərdən də heç kim ehtiyat etmir, yerini möhkəm sayır.

Ölkə mətbuatından bu sətirləri də xatırlamaq yerinə düşər: “İradə Gülməmmədovanın qardaşları uzun illərdir dərman biznesindədirlər və onların heç də az dövriyyəsi olmayan ticarətləri var. Qardaşlar bacılarının karyerasında da mühüm rol oynayıblar. Belə ki, onlar rayonda keçirilən tenderlərin əksəriyyətində iştirak ediblər. Düzdür, öz şirkətləriylə deyil, yaratdıqları törəmə şirkətlər vasitəsiylə. Gülməmmədova hələ Abşeronda pediatr işlədiyi dönəmlərdə də qardaşlarının maliyyə yardımları sayəsində poliklinika və xəstəxanaların təmirini, dərman təhcizatını həyata keçirib. Amma…

Məsələnin əmmalı tərəfi odur ki, İradə Gülməmmədova icra başçısı olduqdan sonra qardaşlar da iri tender oyunlarına qatılmağa başlayıblar. Onlar Abşeron rayonunun bütün xəstəxanalarının dərman təhcizatını həyata keçirirlər və bu da hər il milyonlarla manat vəsait deməkdir” (Jam.az).

Bəli, vəziyyət belədir, İradə Akif qızı Gülməmmədovanın yeri möhkəmdir. Bu yerin daha möhkəm olmasını arzu edirik. O qədər möhkəm ki, bizim tənqidlərimizi vecə almadan daha rahat, daha arxayın şəkildə istədiyini edə bilsin.

Hansı vəzifəyə kimi istəyir, təyin etsin…

Qarşıdan Ramazan ayı gəlir, müqəddəs aydır. Bu müqəddəs ayda Abşeronda və digər rayonlarda yaşayan kasıb vətəndaşlarımıza Allahdan ruzi-bərəkət arzu edirəm.