Ana səhifə

Azərbaycana işləyən 5-ci prezident...

1078

Mayın 25-də Ukrayna prezidenti Pyotr Poroşenkonun ali posta seçilməsinin bir ili tamam oldu

 


 
 
Bu münasibətlə onu ən sərt sözlərlə tənqid edənlər də oldu, prezidentin ildönümünü səbir və təmkinlə dəyərləndirənlər də. 

Məsələn, qatı opponentlərdən biri, Radikal Partiyasının lideri Oleq Lyaşko Poroşenkonu Donbası əldən verməkdə, minlərlə ukraynalının ölümündə və hətta ölkədə korrupsiyanın daha da çiçəklənməsində suçladı. 

Amma ittiham etməyə nə var ki. Görəsən, Lyaşko özü prezident olsaydı vəziyyət indikindən çoxmu fərqlənərdi? Bəlkə Poroşenkonun dediyi kimi, doğrudan da Donbasla həmsərhəd bir neçə vilayət də işğal altına düşəcəkdi. Axı Moskvanın hərtərəfli müdafiə elədiyi separatçıların bir hədəfi də bu olub.        
  
Əlbəttə ki, müharibə vəziyyətində olan ölkənin başında durmaq asan deyil. Ali Baş Komandan olan şəxs də siyasi opponentlərindən və cəmiyyətdən təbii ki, alqışdan çox tənqid gözləməlidir. 

Müharibə vəziyyəti Rusiya kimi yırtıcı qonşu dövlətin işğalçılığı ilə bağlıdırsa, o zaman durum ikiqat ağırlaşır. O Rusiya ki, indi məlum olur ki, sən demə, onun andiçmə zamanı Poroşenkonu aradan götürmək planı var imiş. Fəqət, baş tutmayıb.                  
 
Məşhur məsəldə deyildiyi kimi, uzaqdan döyüş adama asan gələr. Ukraynada döyüş, müharibə isə dayanmayıb, yalnızca dondurulub. O da Qərbin güclü müdaxiləsi və dəstəyi ilə. O ki qaldı Poroşenkonun bir illiyinə, hələ ki, o nə yatıb ki, yuxu da görə? Prezidentliyə bir illiyə seçmirlər ki? 

Pyotr Poroşenko isə insafən, mümkün olanları, hətta olmayanı da edir ki, Ukraynanın Kiyevin nəzarətində qalan hissəsində dövlətçilik güclənsin, köklü siyasi-iqtisadi islahatlar baş tutsun. Bundan ötrü o, Qərbdən, Gürcüstandan çoxsaylı mütəxəssis, tanınmış şəxs, hətta bir keçmiş prezidenti (Saakaşvilini) cəlb edib. Yəni islahatlar yönündə proses ağır da olsa, geridönməz şəkidə gedir. 

Hazırkı mərhələdə Qərbin də başlıca hədəfi təbii ki, Donbasda yeni müharibənin alovlanmasına imkan verməmək və atəşkəsdən istifadə edib Ukraynanı iqtisadi-hərbi cəhətdən ayaq üstə qoymaq, təhlükəsizlik baxımından yüksək immunitetli hala gətirmək, paralel surətdə demokratik islahatları gerçəkləşdirməkdir. 

Ancaq Qərbin, ABŞ-ın özü Rusiya ilə düz-əməlli bacara bilmirsə, Poroşenkodan çox şey ummaq nə dərəcədə ədalətlidir? Ukraynadakı durumun necə nizama salınması isə Azərbaycana birbaşa təsir etmək gücündədir. Çünki iki ölkə siyasi talecə olduqca oxşardır. 

Heç şübhəsiz, Kreml Ukraynada öz əsas hədəflərinə çatsa, o zaman Azərbaycanı yaxşı heç nə gözləməyəcək. O halda Dağlıq Qarabağ məsələsində də, Putinin Avrasiya layihələrinə qoşulmaq məsələsində də Bakıya çox güclü pressinqlər başlayacaq, Azərbaycanın manevr imkanları daralacaq. Ölkəmizin Qərb üçün itirilməsi isə bütövlükdə Güney Qafqazın itirilməsi demək olacaq. 

Bişəkk, bunu Qərbin, Amerikanın "beyin mərkəzləri”ndə hamıdan yaxşı bilir və ciddiyə alırlar. Odur ki, Poroşenkoya bütün növ dəstəklər verilir və veriləcək – ta o vaxta qədər ki, bu dəstəklər təyinatı üzrə olmayan səmtə yönəldilsin. Bu isə gözlənilmir. 


*****

Bu mənada Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko əslində Azərbaycan üçün də çalışır. Ona və komandasına prezidentliyinin növbəti illərində uğurlar arzulayaq. Həm də Azərbaycan naminə!