Ana səhifə

Penitensiar Xidmətin Baş İdarəsində müşavirə (FOTO)

781
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsində əməliyyat müşavirəsi keçirilib. Penitensiar Xidmətin fəaliyyətinin bütün sahələrini əhatə edən müşavirədə xidmətin və tabe qurumların rəhbər əməkdaşları iştirak ediblər.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov müşavirəni açaraq Penitensiar Xidmətin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan 27.02.2015-ci il tarixli müşavirədə ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üzrə tapşırıqlarına uyğun xüsusi tədbirlər planının təsdiq edilərək nəzarətə götürüldüyünü və bugünkü müşavirənin həmin planın yerinə yetirilməsi vəziyyətinə həsr olunduğunu bildirdi.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanov rəhbərlik etdikləri sahələr üzrə tədbirlər planına uyğun görülən işlər, eləcə də 2015-ci ilin cari dövrü ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdilər.

Bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının məsul əməkdaşları çıxış edərək 27.02.2015-ci il tarixli yekun iclasda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin davam etdirildiyini bildirdilər.

Müşavirədə 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının mahiyyəti və müstəsna əhəmiyyəti şəxsi heyətin nəzərinə çatdırıldı. Azərbaycan paytaxtının ilk Avropa Oyunlarının keçiriləcəyi məkan kimi seçilməsinə aparan yol, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə görülmüş işlər bir daha qeyd edildi. Avropa Oyunları ərəfəsində və Oyunların keçiriləcəyi günlərdə hər bir əməkdaşın üzərinə düşən vəzifələri müəyyənləşdirən qaydalar səsləndirildi və bu qaydalara əməl edilməsinin zəruriliyi vurğulandı.

H.Əlixanov 27.02.2015-ci il tarixli yekun müşavirədən keçən dövr ərzində görülən işləri ümumən təqdirəlayiq hesab etdiyini bildirərək, hələ də müşahidə olunan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün xidmət rəhbərliyinin müvafiq tapşırıqlarını nəzərə çatdırdı və hər bir əməkdaşın öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirdi.